Xəzər Xəbər

Ağdaşda kanala düşən maşın sudan çıxarıldı - VİDEO

Region | 15:25 • 19 Fevral 2018
Ağdaşda kanala düşən maşın sudan çıxarıldı -

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.

Xezerxeber.az məlumat verir ki, Naxçıvan şəhər sakini olan Oruc Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" adlı su kanalına düşüb.

Hadisə yerinə daha yaxın olan Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan 1999-cu il təvəllüdlü həyat yoldaşı Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmədzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır. Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.

Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub.

DİN-in məlumatına görə, ərazidə yol patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn "Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxıb qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər. Həmin istiqamətə yollanan yol polisi əməkdaşları "Mercedes”in su kanalına aşdığını aşkar ediblər.

Yol polisi əməkdaşları dərhal bu barədə xidmət rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.

Polis əməkdaşları salonu tamamilə su ilə dolmuş maşının qapısını açaraq oradan qadını və azyaşlı uşağı xilas edə biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları onları yoldan keçən avtomobillə təcili Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.

Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.

Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az kanala düşən maşının sudan çıxarılması görüntüsünü təqdim edir:

Xəbər lenti