Xəzər Xəbər

Balakəndə qanunsuz kəsilmiş at əti aşkarlanıb

Region | 11:54 • 15 Fevral 2018
Balakəndə qanunsuz kəsilmiş at əti aşkarlanıb

Balakən rayonunda qanunsuz at əti kəsimi aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Balakən Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının iştirakı ilə keçirilən əməliyyat zamanı Balakən rayonunun Qabaqçöl qəsəbə sakini Nurullah Cirinqovun həyətinə baxış keçirilib. Əməliyyat zamanı Nurulla Cirinqova məxsus həyətdə qeyri-qanuni, antisanitar şəraitdə kəsilmiş, ağacdan asılmış, dərisi yarımçıq soyulmuş və sağlamlığı dair heç bir sənədi olmayan 1 baş atın cəmdəyi, arxa ətrafları və 1 ədəd at başı aşkarlanıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən xezerxeber.az-a bildiriblər ki, həyətində at kəsimi aparan Nurullah Cirinqov söhbət əsnasında müvafiq dövlət qurumlarının nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olduğunu etiraf edib və həmin ətləri mal əti adı altında satmaq istədiyini deyib.

Aşkar edilmiş at ətindən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Balakən rayon sakini Nurullah Cirinqova məxsus və onun tərəfindən kəsilmiş 95 kiloqram at əti müayinəsi başa çatanadək saxlama kamerasına yerləşdirilib.

Hadisə ilə bağlı materiallar toplanaraq Balakən Rayon Polis Şöbəsinə göndəriləcək.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcək.

Xəbər lenti