Xəzər Xəbər

Göyçayda yeni avtovağzal kompleksi tikilir

Region | 14:54 • 22 Noyabr 2017
Göyçayda yeni avtovağzal kompleksi tikilir

Göyçay rayonunda yeni avtovağzal binasının inşasına başlanılıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarındakı köhnə və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində ikimərtəbəli müasir kompleks tikilir.


Avtovağzalın müdiri Sənan Şirəliyev AZƏRTAC-a bildirib ki, rayon icra hakimiyyətinin sifarişi və yaxından köməkliyi ilə 5500 kvadratmetr ərazidə aparılan tikinti işlərinə 3 ay əvvəl başlanılıb. İndiyədək hörgü işləri başa çatdırılıb, hazırda binada təmir-quraşdırma işləri görülür. Müasir arxitektura üslubunda inşa olunan yeni avtovağzalın inzibati binasında və eyni vaxtda 15 avtobusun dayanması üçün tikilən perronda nümunəvi xidmət üçün lazımi şərait yaradılacaq. Perronda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları da quraşdırılacaq.


İnşaat işləri "Əlifarm” MMC tərəfindən görülür. Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Göyçay şəhərinə yeni görkəm verəcək bina ən müasir şəraiti ilə rayona gələn qonaqların zövqünü oxşayacaq. Avtovağzal kompleksində xidməti otaqlarla yanaşı, sərnişinlərin rahatlığı üçün gözləmə zalı, ictimai-iaşə obyekti, tibb məntəqəsi, ana və uşaq otağı, ibadət otağı fəaliyyət göstərəcək. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa ediləcək, yaşıllıq sahəsi yaradılacaq.


Qeyd edək ki, Göyçay avtovağzalından Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərləri və digər rayonlar istiqamətində, eləcə də Göyçayın kəndlərinə hər gün 60-a yaxın sərnişin avtobusu yola düşür.

Xəbər lenti

Çox oxunanlar