Xəzər Xəbər

Yol polisi reyd keçirdi: 140 sürücü cərimələndi - VİDEO

Region | 12:32 • 20 Noyabr 2017
Yol polisi reyd keçirdi:

Respublikanın şəhər və rayonlarında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə lazımi tədbirlər davam etdirilir. Bu məqsədlə Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülər arasında reyd keçirilib.

Şəhərin mərkəzi küçələrində, xüsusilə də piyadaların və avtomobillərin sıxlıq təşkil etdiyi ərazilərdə keçirilən reyd zamanı qayda pozuntularına yol vermiş sürücülər barədə inzibati qaydada tədbirlər görülüb.

Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor İlkin Məmmədov AZƏRTAC-a bildirib ki, reyd zamanı qayda pozduğu aşkar edilən 38 sürücü barədə protokol tərtib olunub. Ötən həftə ərzində reydlər zamanı avtomobili sərxoş idarə edən, sürücülük hüququ olmadan sükan arxasında oturan, yol hərəkət qaydalarını kobud şəkildə pozan 140 sürücü aşkarlanaraq cərimələnib.

Qəzaların sayının minimuma endirilməsi məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Xəbər lenti