Xaçmazda mənşəyi məlum olmayan at əti aşkarlanıb

13.01.2018 15:23

Xaçmaz rayonu ərazisində xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a  verilən məlumata görə, yanvarın 12-də daxil olmuş məlumat əsasında Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət baytarlıq nəzarəti xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi "Mercedes” markalı avtomobilə baxış keçirilib.

Bu zaman avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan çəkisi 90 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

© xezerxeber.az


305 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR