Xəzər Xəbər

Ermənistan yenə ekoloji terror törətdi - Göygöl Milli Parkında yanğın - FOTO

Region | 13:25 • 30 Oktyabr 2020
Ermənistan yenə ekoloji terror törətdi -

Oktyabrın 29-da Ermənistan silahlı qüvvələrinin döyüş zonasından kənarda yerləşən Göygöl rayonunun ərazisini ağır artilleriya qurğularından atəşə məruz qoyması nəticəsində Göygöl Milli Parkındakı meşəlikdə təxminən 5 hektaradək ərazidə yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülsə də, meşəlik ərazi oktyabrın 30-da səhər saatlarında yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.


Xezerxeber.az xəbər verir ki, Ermənistanın bu ekoloji terroru nəticəsində yanğın tədricən genişlənərək Göygöl Milli Parkının xüsusi mühafizə olunan ərazisini də əhatə edib. Nəticədə əsasən palıd, vələs, fıstıq, cökə ağacları, kol bitkiləri – böyürtkən, qarağat, o cümlədən xəzəlin yaratdığı meşə döşənəyi və mineral qat yanıb.


Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının söndürülməsində Göygöl Milli Parkının əməkdaşları və ətrafdakı kəndlərin sakinləri də yaxından iştirak edirlər.

Xəbər lenti