Xəzər Xəbər

Ağcabədidə xeyirxah təşəbbüs – “Karantin dövründə pulsuz çörək” aksiyası - FOTO

Region | 11:27 • 1 Aprel 2020
Ağcabədidə xeyirxah təşəbbüs –

Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq xalqımızı səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.

Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməyib və bu infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranıb. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir.

Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət–vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir.

Xalqımızın çətin günlərində xeyirxah əməllərə imza atan ağcabədililər koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar. Bundan başqa, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda fəaliyyət göstərən 130-dan çox ərzaq mağazasında "Karantin dövründə pulsuz çörək” aksiyası başlanılıb. Həmin mağazalardan alış-veriş edən xeyirxah şəxslər müəyyən məbləğdə ianə etməklə imkansız, ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz çörəklə təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnir, müntəzəm olaraq pulsuz çörək əldə edirlər.

Qeyd edək ki, rayonda 200-dən çox tənha insan yaşayır. Xüsusi karantin rejiminin tələblərinə əsasən evdən çıxmayan həmin şəxslərə sosial işçilər tərəfindən xidmət göstərilir və bununla yanaşı, tənha şəxslərə gün ərzində pulsuz çörək çatdırılır. (AZƏRTAC)


Xəbər lenti