Xəzər Xəbər

İtmiş şəhərin izi ilə və yaxud tarixi Əncan şəhəri haradadır?

Mədəniyyət | 18:49 • 25 Oktyabr 2016
İtmiş şəhərin izi ilə və yaxud tarixi Əncan şəhəri haradadır?

Son tədqiqatlara görə, şəhər mədəniyyətinin tarixi 5000 ildən çox olan Naxçıvan ərazisində çoxlu sayda şəhərlər mövcud olmuş, bu şəhərlər tərəqqi və tənəzzül dövrlərini yaşamış, onlardan bəziləri şəhər kimi günümüzə qədər varlığını qoruyub saxlamış, bəziləri kəndtipli yaşayış məntəqələrinə çevrilmiş, bəzi şəhərlər isə ümumiyyətlə həm şəhər, həm yaşayış yeri kimi əhəmiyyətini itirmiş, dağıdılmış və yaxud tarix səhnəsindən silinmişdir.

Məsələn, Naxçıvan, Ordubad, Culfa kimi şəhərlər, demək olar ki, tarixin əksər dövrlərində şəhər kimi varlığını qoruyub saxlaya bilmiş, Əylis, Qarabağlar, Azad şəhər əhəmiyyətini itirsə də, bu günə qədər kənd yaşayış məntəqəsi kimi muxtar respublika ərazisində qalmaqdadır. Lakin tarixdən məlum olan Kiran, Astabad kimi Naxçıvan şəhərləri mövcudiyyətini qoruyub saxlamamışdır. Orta əsr mənbələrində Naxçıvan ərazisində adıçəkilən belə şəhərlərdən biri də Əncandır.

Məlumdur ki, monqol hücumları dövrü Azərbaycan, o cümlədən xüsusən Naxçıvan əraziləri üçün bir sıra dağıntılarla yadda qalmışdır. Lakin monqolların yerli əhali ilə qaynayıb qarışması və yerli dövlət idarəçilik ənənələrini mənimsəmələrindən sonra meydana çıxmış Hülakülər dövləti zamanında bir sıra quruculuq işləri həyata keçirilmişdir. Maraqlıdır ki, dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid olan Naxçıvan, Ordubad, Azad, Makuyə, Dəbil, Qarabağlar şəhərləri ilə yanaşı, daha bir şəhərin – Əncanın da adı çəkilir. “Naxçıvan tarixi”nin I cildində qeyd olunur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan tüməninə 5 şəhər və əlavə olaraq 10 şəhərtipli kiçik yaşayış yeri daxil olmuşdur.

Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin “Nüzhət əl-qulub” əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur.

Apardığımız araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin “Əcaib əd-dünya” əsərində də məlumat verilmişdir. “Əcaib əd-dünya”da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: “Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır. Oranın malları incə parçalar, yaylıqlar, keyfiyyətli üst örtükləri, zilə corablardan ibarətdir”.

Əncan şəhəri ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər irəli sürsələr də, bu şəhərin dəqiq lokalizasiyasını aparmaq bu günə qədər mümkün olmamışdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ərazisində mis filizi və sərbəst mis yataqları Naxçıvan şəhərindən 18 kilometr şimal-şərqdə, Naxçıvançayın orta axın hövzəsində, Qızıldağ dağından 1 kilometr cənub-şərqdə yerləşən Xal-xal yatağında, mis-molibden-porfir yataqları isə Ordubadçayın yuxarı axın hissəsində, Sərkidağ-Diaxçay filiz sahəsində aşkara çıxarılmışdır.

1925-ci ilə aid olan “Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın məruzəsi”ndə Naxçıvan ərazisində daha bir metal yatağı ilə bağlı məlumat verilir. Mənbədə qeyd edilir ki, Naxçıvanda ən iri gümüş-qurğuşun yataqları Şərur stansiyasından Arpaçaya gedən şose yolu üzrə 15 verst aralıda Gümüşlü deyilən yerdədir. Bu yataqlar çoxdan işlənmişdir, bunu ordakı köhnə mədən yerləri göstərir. Bu cür köhnə şaxtalardan biri təmizlənmiş və onda qədim alətlər: dəmir pazlar, gil lampalar, yağ bardağı, bir neçə insan kəlləsi və sümükləri tapılmışdır.

XIX əsr rus mənbələrində Naxçıvan haqqında verilən məlumatlardan bəhs edən tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov yazır: “Rus mənbələrinin təhlilindən belə məlum olur ki, Dərələyəz mahalındakı Gümüşxana kəndinin (İndiki Şərur rayonunun Gümüşlü kəndi – Y.R.) ətrafında gümüş çıxarılan iki dərin xəndək olmuşdur”. Professor Səfərəli Babayevin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” adlı kitabında təqdim etdiyi xəritədə də Gümüşlü yaxınlığında polimetal yataqlarının olduğu qeyd edilmişdir.

Maraqlıdır ki, Məhəmməd Seyfəddini də Əncan şəhərinin məhz Şərur ərazisində yerləşməsi fikrini irəli sürmüşdür. Dilçi alim Adil Bağırov isə Əncanın digər adı olan Karxananın indiki Gümüşlü kəndinin keçmiş adı olduğunu əsərlərində qeyd etmişdir. Müəllifin digər bir əsərində isə Naxçıvan ərazisində üç yerdə – Babək rayonunda, Ordubad rayonunun Biləv kəndində və Şərur rayonunda Karxana toponiminin olduğu göstərilmişdir.

Fikrimizcə, XIX əsr rus mənbələrində verilən məlumatlar, 1925-ci ilə aid olan “Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın məruzəsi”ndə göstərilmiş faktlar Əncan və ya Əcnanın məhz Gümüşlü kəndi istiqamətində yerləşdiyini söyləməyə imkan verir.

Maraqlıdır ki, A.Ş.Milmanın yazdığına görə, XIX əsrdə Qarabağ xanlığına aid olan 21 mahaldan biri Əcnan-türk və ya Əncan-türk mahalı olmuşdur. Ola bilsin ki, monqol hücumlarının ağırlığı nəticəsində Əcnan sakinləri Qarabağa üz tutmuş və bu türk tayfaları Qarabağda məskunlaşdıqdan sonra öz doğma şəhərlərinin adını yerləşdikləri mahala vermişlər. “Naxçıvan tarixi”ndə Naxçıvanda XIII əsrdən sonra mis mədənlərinin işinin tənəzzülə uğraması haqqında verilən məlumatı da nəzərə alsaq, deyə bilərik ki, bu proses yerli əhalinin miqrasiyası ilə də bağlı ola bilərdi.

Tarixi mənbələrdə adı qalan bu şəhərin, mütləqdir ki, ulu Naxçıvanın bir guşəsində izləri qalmışdır və gələcək tədqiqatlar bizi bu şəhərə aparıb çıxaracaqdır.

- Elnur KƏLBİZADƏ

"Şərq qapısı" qəzetinin əməkdaşı

Xəbər lenti