Xəzər Xəbər

Beyləqanda Bayraq Muzeyinin açılışı olub - FOTO

Mədəniyyət | 15:04 • 12 Noyabr 2016
Beyləqanda Bayraq Muzeyinin açılışı olub - FOTO

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

"Xəzər Xəbər" məlumat verir ki, dövlətimizin başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

Xəbər lenti