Xəzər Xəbər

Hiperaktiv uşaqlar: Dağıdıcılıq, yoxsa istedad

Mədəniyyət | 17:18 • 12 Aprel 2015
Hiperaktiv uşaqlar: Dağıdıcılıq, yoxsa istedad

O qaçır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur. Hər kəs əslində uşağının hərəkətli və aktiv olmasını istəyir. Lakin bu hərəkətlər aşırı dərəcəyə qalxdıqda valideynlər üçün nəzarət çətinləşir və məsuliyyət hissi daha da çoxalır. Çünki belə uşaqlar bəzən digər bacı-qardaşlarının və hətta öz həyatlarını böyük risk altına ata da bilirlər.

 

Dəfələrlə mətbuatda uşaqların yuxarı mərtəbədən yıxılması ilə bağlı məlumatlar oxumuşuq. Bu cür halları bəzən valideyn ehtiyatsızlığı ilə əlaqələndirirlər. Amma valideynlərdən nəzarət tələb olunsa da, bu cür uşaqlarla mübarizə aparmaq elə də asan deyil. Onlar yüksəklikdən, heyvanlardan qorxmur, iti əşyalarla ehtiyatsız davranır, bir sözlə, qorxulu görünən nə varsa, onu adi hala çevrirlər. Bu isə sonda təhlükə ilə nəticələnə bilir. Oksford Universitetinin alimləri isə sübuta yetiriblər ki, hiperaktivlik əsasən kompüter oyunlarına gündə üç saatdan çox vaxt sərf edən uşaqlarda müşahidə olunur. Alimlər valideynlərə uşaqların virtual əyləncələrinə məhdudiyyət qoymağı və onlarda real vərdişləri inkişaf etdirən alternativ asudə vaxt təşkil etməyi məsləhət görürlər.

 

Lakin buna baxmayaraq, valideynlər televizora, kompüter oyunlarına dayə kimi yanaşırlar. Saatlarla uşaq kompüterdə oyunlarla başını qatır, valideynlər isə öz işləri ilə məşğul olur. Pediatr Kəmalə Əmrahova qəzetimizə açıqlamasında bildirdi ki, hiperaktiv uşaqları olan valideynlər daim onları nəzarətdə saxlamalıdırlar: “Hiper yunan sözü olub yüksək hərəkət və hərəkətli deməkdir. Hiperaktivlik uşaqlarda 7 ayından əvvəl yaranmğa başlayır. Bu uşaqlar hərəkətli və davranış sistemini tənzimləyə bilməyənlərdir. Çox aktiv olurlar, bir yerdə durmurlar, fikirlərini cəmləməyə çətinlik çəkirlər, əşyaları və paltarları dağıdırlar. Bu uşaqlara diaqnoz qoymaq çətindir. Müalicə olunmayan uşaq ailəyə narahatçılıq yaradır. Belə uşaqlara valideynlər xüsusi diqqət ayırmalı, gündəlik proqram tərtib etməli, proqrama uyğun hərəkət etməlidirlər. Bu cür uşaqlara gözəl sözlər deyilməlidir. Analar səbirli davranmalı və psixoloqla daim təmasda olmalıdırlar”.

Uşaq nevropatoloqu Rima İbadova deyir ki, hiperaktivlik sərbəst diaqnoz deyil və “Diqqət əskikliyi və hiperaktivlik pozğunluğu” kimi təsnif edilir. Tədqiqatlara görə, hiperaktivliyə qızlara nisbətən oğlan uşaqları arasında daha çox rast gəlinir. Əlamətlər yeniyetməlik dövrünə qədər uzana bilir. Kasıb ailələrdə doğulan uşaqlarda hiperaktivlik daha çox müşahidə olunur: “Bu uşaqlara çox hərəkətli olurlar, bir yerdə otura bilmirlər, başqalarının sözünü kəsirlər, öz növbələrini gözləmirlər, sual veriləndə yarımçıq kəsib cavab verirlər, təhlükəli oyunlara, alətlərə maraq göstərirlər. Bu əlamətlər özünü məktəb dönəmlərindən öncə göstərir. Məktəb bacarıqlarında enmələr olur, dərsdə müəllimlərin daimi şikayətlərinə məruz qalırlar. Qidalanma ilə bağlı problemlər yaşayırlar, qısqanc olurlar, zarafatı qəbul etmirlər. Bir şeydən tez bezirlər, aqressiv olurlar”.

 

R.İbadovanın sözlərinə görə, bu xəstəlik 75-80 faiz hallarda genetikdir. Amma klinik göstəricilər əsasında diaqnozu qoyulan bir xəstəlikdir. Ümumilikdə isə yaranma səbəbləri müxtəlifdir: “Ananın hamiləlik dönəmində, doğum zamanı üzləşdiyi problemlər və uşağın məruz qaldığı xəstəliklər də hiperaktivlik və diqqət yayınıqlığına səbəb ola bilər. Hamiləlik dönəmində ananın siqaret, alkoqol, narkotikdən istifadə etməsi, qan azlığı, qalxanabənzər vəzin funksiyasının aşağı olması, yod əskikliyi, vaxtından öncə doğum olması, uşağın çəkisinin kiçikliyi, doğum zamanı tarvmaya məruz qalması xəstəliyin yaranmasına gətirib çıxara bilir. Doğumdan sonra isə xəstəliyin yaranmasına uşağın yoluxduğu virus mənşəli xəstəliklər səbəb ola bilir. Beyin travması, dəmir əskikliyi, epilepsiya, mikroelementlərin az olması uşaqlarda diqqət əskikliyi, hiperaktivlik problemlərinə gətirib çıxara bilər”.

Nevropatoloq onu da bildirdi ki, hər dəcəl uşağa hiperaktiv diaqnozu qoyub, dərman müalicəsi tətbiq etmək düzgün deyil: “Son günlər bütün dəcəl uşaqlara hiperaktiv diaqnozu qoyurlar, bəzən yerli-yersiz müalicələr yazırlar. Bu da doğru deyil. Uşaq dəcəl olsa da, qavramasında, məntiqində heç bir problem olmadığı zaman belə diaqnoz qoymaq olmaz. Bu xəstəliyin diaqnozu klinik əlamətlərə əsasən təyin edilir. Uşağın öz yaşı ilə ağıl yaşının nə qədər uyğun olub-olmaması öyrənilir. Bəzi həkimlər bu problem üçün dərman müalicəsinin kifayət etdiyini deyirlər. Əslində isə belə deyil. Dərman mütləq lazımdır. Amma xəstəliyin müalicəsi uzundur. Bu müalicədə həkim, psixoloq, uşağın müəllimi, ailəsi və özü komanda şəklində çalışmalıdır. Psixoterapiya, öyrədici məşqlər, davranış terapiyası olmalıdır”.

 

Uşaq psixoloqu Narınc Rüstəmova isə bildirdi ki, uşağın kompüterdə oyun oynaması onda hiperaktivlik yarada bilməz. Sadəcə olaraq bu prosesi sürətləndirə bilər: “Hiperaktivlik uşağın 7 aylığından əvvəl özünü göstərib, 18 yaşına qədər davam edir. Uşağın hansısa yaşdan sonra hiperaktiv olması ilə bağlı fikir demək çətindir. 12 yaşında uşaq kompüterlə oyun oynamaqla hiperaktiv ola bilməz. Oyunlar sadəcə olaraq uşaqda aktivliyi artırar. Amma hiperaktivin aktivi başqadır. Aktivlik görünə bilən xarakterik xüsusiyyətdir. Hiperaktivlik isə uşağın 7-ci ayından özünü göstərən psixo-nevroloji problemdir. Kompüter bu xəstəliyin intensivliyini artıra bilər, amma yarada bilməz. Hiperaktiv uşaq kompüter qarşısında oturarsa, bu, onun aqressiyasını artırır. Hiperaktiv uşaqların böyük enerji partlaması var. Bu enerjini sərf etməyəndə isə aqressiya daha dağıdıcı formada ola bilər. Uşağa hiperaktiv dipanozu vaxtında qoyulmalı və evdə hər kəs bu haqda bilməlidir. Kompüter birtərəfli ünsiyyət vasitəsidir. Uşaq kompüter qarşısında informasiya qəbul edir, amma ötürmür. Danışmır, əzələ istifadə olunmur, bədən uzun müddət eyni formada qalır. Göz daha az qırpılır və gözdə quruluq, onurğada əyrilik yaradır. Bu isə uşağın aktivliyini daha çox artırır. Fikir versək görərik ki, uşaqlar kompüter oyunlardan ayrıldıqdan sonra daha çox hərəkət etməyə başlayırlar. Çünki gün ərzində o enerjini faydalı yerlərə xərcləməyib”.

 

N.Rüstəmova deyir ki, hiperaktiv uşaqlara uzun müddət kompüter oyunlarından istifadə etmək məsləhətli deyil: “Bütün hallarda uşaqları kompüterdən uzaq tutmağa çalışmaq lazımdır. Valideynlər bəzən uşaqlarının dağıdıcı hərəkətlərindən utanırlar. Onların başını kompüterdə oyunla və yaxud televizor qarşısına qoymaqla qatırlar. Amma əmin olsunlar ki, səhəri gün uşaq onlar üçün daha ağır problemlər yaradacaq. Çünki uşaq enerjisini sərf etmirsə, o enerji heç bir halda məhv olmur və bir haldan başqa hala keçir. Enerjini xərcləməyən uşaq sabah ikiqat anasını əsəbiləşdirəcək”.

 

Psixoloq bildirdi ki, valideynlər hiperaktiv uşaqların boş zamanının olmaması üçün nizamlı bir qrafik təyin etməlidirlər: “Hiperaktiv uşaqlarda aqressiyanı, enerjini sərf etməyin ən gözəl üsulu üzgüçülük, taekvando ilə məşğul olmaqdır. Hiperaktiv uşaqlar gün ərzində bir saat belə boş qalmamalıdır. Gəzməli, parka getməli, açıq havada çox olmalıdır. Çünki onlarda diqqət yayınıqlığı olur. Oksigen belə uşaqlarda diqqət yayınıqlığını aradan qaldırmağın ən yaxşı üsuludur. Uşağı inkişaf etdirəcək kurslara yazdırmaq lazımdır. Belə uşaqlar boş qaldıqda dağıdıcı işlərlə məşğul olurlar, hətta özlərinə belə xəsarət yetirirlər. Aktiv uşaqlar yerdə, hiperaktiv uşaqlar isə göydə gəzir. Ağaca dırmaşır, divanın başına çıxır və s. hər zaman təhlükəni sevir. Aktiv uşaqlar isə təhlükəni sevmirlər. Hər dəcəl uşağı da hiperaktiv adlandırmaq olmaz”.

 

N.Rüstəmova onu da bildirdi ki, hiperaktivlik vaxtında müalicə olunmadıqda 18 yaşdan sonra da problem deməkdir: “Belə uşaqlar intihara, etiraz etməyə meylli olurlar. Evdə konflikt yaradan, cəmiyyətə uyğunlaşa bilməyən, antisosial şəxsdirlər. 18 yaşdan sonra nevroz, hafizə problemləri formalaşır, özlərini tapa bilmirlər. Çox zaman hər hansı bir peşə sahibi ola bilmirlər, tez-tez iş yerlərini dəyişirlər. Həyatlarında da uğursuz olurlar”.

 

təbib.az

Xəbər lenti