Xəzər Xəbər

Həyata “bardağın dolu tərəfindən” baxmaq...

Mədəniyyət | 15:57 • 15 Aprel 2015
Həyata “bardağın dolu tərəfindən” baxmaq...

Bu günlərdə internetdə bir məlumata rast gəldim - limon depressiyaya, kədərə müsbət təsir edir. Yaponiyada 12 nəfərin üzərində bununla bağlı maraqlı bir araşdırma aparılıb. Belə ki, gününün çox hissəsini şikayətlənməklə keçirən insanların vaxtlarının çoxunu keçirdikləri bir otağa içərisində limon yağı bol olan sitrus meyvələri yerləşdiriblər. Həmin insanlarda aldıqları qoxunun təsiri ilə zaman-zaman ruh düşkünlüyü aradan qalxıb...

İnternetdə axtarış versəniz, depressiya ilə mübarizəyə aid çoxlu sayda, bəlkə, yüzlərlə yazı tapa bilərsiniz. Amma onunla mübarizə sizin canınızda, qanınızda, ruhunuzda olmalıdır.

Bu yaxınlarda sosial şəbəkədə yayılmış bir foto diqqətimi cəlb etdi. Orada yazılmışdı: fərasətli adamlara bic, bir qədər təmkinli insanlara isə gic deyirik. Bəli, doğrudan da, hər şeydə bir əyri axtaran, ən müsbət məqamlarda belə “kədərli” nə isə tapmağa çalışan insanlar var. Zamanla bu düşüncə tərzi həmin insanların xasiyyətinə təsir edir, həyatına sirayət edir və onlar nə etsəniz də hər şeydə bir mənfilik axtarışına çıxırlar.

Halbuki bir də əksi vardır. İnanın, düşündüyünüz müsbət şeylər də zamanla sizin həyat tərzinizin bir parçasına çevrilir. Bunu illərin sınağından çıxmış ağsaqqallar da təsdiq edirlər. “Gözəl düşünən gözəl görər, adam var gülü, adam da var onun tikanını görür” deyimləri boş-boşuna yaranmayıb ki. 

Eyni hadisəni iki fərqli insana nəql edirsən. Biri elə reaksiya verir, elə münasibət bildirir ki, qanın qaralır, ürəyin darıxır, dediklərinin doğru olduğuna inanırsan.                ”Qazancın” isə qəm, kədər, ümidsizlik olur.

Amma bunu eşidən tamamilə başqa birisi eşitdiklərinin tam tərsini söyləyir: “Həyatdır, hər şey ola bilər. Bəlkə bilməyərəkdən olub? Camaatın başına bundan betəri gəlir, sən buna şükr elə. Bir də həyatın sonu deyil axı, inşallah, gün gələr bundan da yaxşısı olar. Get həmin adamla bir də görüş, səmimi şəkildə fikirlərini söylə, yəqin ki, səni anlayacaq. Onun bunu bilərəkdən etdiyinə inanmıram”...

İçində bu fikirlər sənə daha doğma, daha xoş gəlir...

***

Gözləmədiyin bir hadisə baş verir. Hər kəs buna bir formada reaksiya verir. Kimisi bunu ötəri bir iş, kimisi imtahan, kimisi bəla, kimisi sınaq və s. izah edir. Qəribədir, axı eyni hadisədir? Necə olur ki, bir hadisəyə müxtəlif insanlar müxtəlif cür yanaşırlar.

Deməli, bir hadisədən nəticə çıxarıb-çıxarmamaq, dərs götürüb-götürməmək, ondan müsbət mənada faydalanmaq hər kəsin öz əlindədir. Həyata “bardağın dolu tərəfindən baxmaq” dediyin bax budur.

Ailədə bir problem olur. Əgər o problemi günbəgün ağırlaşdıracaqsansa, həll etmək əvəzinə, ümidsizliyə tabe olacaqsansa, onda problem sənin özünsən. Problemsiz ailə yoxdur, göz yaşı axıtmaq əvəzinə, həll etmək lazımdır. “Yox, alınmayacaq”, “bundan da betər olacaq”, “harada pis şey var məni tapır” deyib ardını gözləyəcəksinizsə, narahat olmayın, ardı gələcək.

 İnsanın üzləşdiyi problemlərin çoxunu həll edə bilməsi mümkündür. Bunun üçün nikbin olmaq, əzmli olmaq, çalışmaq, səy göstərmək və inanmaq əsasdır...

Bir kəndli dənizçi ilə söhbət edirdi. Kəndli dənizçidən atasının harada öldüyünü soruşdu. Dənizçi: - Harada olacaq, dənizdə,-deyə cavab verdi.

- Bəs baban?

- O da dənizdə…

- Babanın atası?…

- O da…

- Atan dənizdə öldü, baban dənizdə öldü, babanın atası dənizdə öldü… Bəs sən hər gün o dənizə çıxmaqdan qorxmursan?

Dənizçi suala sualla cavab verdi:

- Yaxşı, bəs sənin atan harada öldü?

- Harada öləcək, yataqda…

- Bəs baban?

- O da yataqda…

- Babanın atası?..

- O da…

Bu sözləri eşidən dənizçi davam etdi. Atan yataqda öldü, baban yataqda öldü, babanın atası yataqda öldü, bəs sən necə, hər gecə o yataqda yatmaqdan qorxmursan?..

    ***

İllər öncə yazdığım bir yazı var. Bu günlərdə nikbin görünən bir tanışım: “Həmin yazını evimizdə saxlayıram, sıxılırdım, çıxarıb yenidən oxudum. Hər dəfə oxuyanda ruhlanıram”,-dedi. Aldım, oxudum. Çoxdan yazıldığından elə zənn etdim ki, bir başqası yazıb. Amma yazıdakı bəzi cümlələrlə mənə hər şey aydın oldu. Zənnimcə, həmin yazıdan bəzi qeydlər burada yerinə düşər.

- Ayaqlarının hər ikisini kəsiblər, topalsan.

- Yox, hər iki ayağım yerindədir və sözümə baxır.

- Qaraciyərin daşlaşıb, sirroz olmusan.

- Yoxlatmışam, hər şey qaydasındadır.

- Böyrəklərin öz funksiyasını itirib, işləmir, “nefrit” xəstəsisən.

- Mənim elə bir problemim olmayıb, indiyədək özümdə elə bir xəstəliyin əlamətlərini hiss etməmişəm.

- Bağırsağın işləmir, əməliyyat olunmalısan.

- Yox.

-Şəkər xəstəsi, diabetsən.

- Yox.

- Sağ qolun yoxdur, əlilsən.

- Yox, var.

- Sol qulağın eşitmir, karsan.

- Yox, eşidirəm.

- Gözlərinin biri görmür, korsan.

- Yox, niyə ki, hər ikisi görür.

- Mədən xəstədir, çörəyi zülmlə yeyirsən.

- Yox.

- Xolesterolun çoxdur, damarların tıxaclaşıb.

- Yox.

- Dəlisən, manyaksan, şizofreniya xəstəliyinə düçar olmusan.

- Xeyr.

- Yaddaşın pozulub, amneziyadan bezmisən.

- Elə bir çatışmazlığım yoxdur.

- Soyuqda, tozda, ağırqoxulu yerlərdə nəfəs ala bilmirsən, astmasan.

- Onu kim deyir, elə bir problemim yoxdur.

- Damarında ağ qan qırmızı qanı “yeyir”, leykozdan əziyyət çəkirsən.

- İlk dəfə bu barədə səndən eşidirəm.

- Ailə üzvlərin faciəli şəkildə dünyalarını dəyişiblər.

- Yox.

- Övladın qəsdən adam öldürməyə cəhd və yaxud narkotik üstündə həbsdə yatır.

- Xeyr.

- Günahsız yerə şərə düşmüsən.

- Allah uzaq eləsin.

- 10 min dollar borcun var.

- Mən o məbləğdə pulu bir dəfə də olsun görməmişəm.

- Səni ölümlə hədələyirlər.

- Heç kimin toyuğuna “kiş” demirəm, ona görə heç kimin mənimlə işi yoxdur.

- Ağlın, savadın, qabiliyyətin olmadığı üçün işləyə bilmirsən.

- İşləyirəm, aldığım maaşla ailəmi pis-yaxşı dolandıra bilirəm.

- Kreditini verə bilmədiyin üçün mağaza sahibi səni incidir.

- Yox, elə adam deyil. Üstəlik, maaşımı alan kimi birinci kreditimi ödəyirəm.

- İşlədiyin yerdə heç kim səni sevmir.

- Xeyr, dediklərinin tam əksinədir.

Deməli, yuxarıda qeyd etdiklərimin heç biri səndə yoxdur. Amma mən adamlar tanıyıram ki, həmin xəstəliklərin biri və ya ikisi, həmin problemlərin, heç olmasa, biri ilə baş-başa yaşayırlar. Ancaq yenə də özlərini bədbəxt hesab etmirlər. İnandırım səni, hətta onların içərisində bəziləri də var ki, xəstə olmalarına baxmayaraq, talelərindən narazı deyillər. Əksinə, onlardan da ağır xəstəliyə yoluxanları düşünüb, Allaha şükür edirlər. Lakin sən…

Axı sən bu qədər bikef, bu qədər narazı, bu qədər ümidsiz olmamalısan.

Bax, həyata “bardağın dolu tərəfindən” baxmaq dediyin budur...

Xəbər lenti