Xəzər Xəbər

Qəbizlikdən əziyyət çəkənlərə təbii ÇARƏ

Mədəniyyət | 13:27 • 3 İyul 2015
Qəbizlikdən əziyyət çəkənlərə təbii ÇARƏ

Qəbizlik çox ciddi pozulmadır. Xroniki qəbizlik ağır fəsadların inkişafına səbəb ola bilər.

 

Nəcis kütləsi ilə orqanizmdən tək qidanın həzm olunmamış qalıqları deyil, orqanizmin fəaliyyəti nəticəsində burada əmələ gələn və su, qida, hava və s. ilə orqanizmə düşən ziyanlı maddələr xaric olunur. Qəbizlik nəticəsində nəcis kütlələri uzun müddət ərzində düz bağırsaqda qalır və nəticədə ziyanlı maddələr orqanizmi zəhərləməyə başlayır, orqanizmdə şlaklar, toksinlər yığılır. Bu hal bütün orqanizmin fəaliyyətinə çox mənfi təsir edir.

 

Düz bağırsaqda uzun müddət ərzində qalan nəcis kütləsi bağırsağın özünə də çox mənfi təsir edir - burada iltihabların, babasilin, çatların inkişafına təkan verir. Vaxtında xaric olunmayan nəcis kütlələri düz bağırsağın uzanmasına və genişlənməsinə (meqakolon) səbəb olur. Bu isə qəbizliyi daha da ağırlaşdırır. Xroniki qəbizlik düz və yoğun bağırsağın xərçəng xəstəliyinin əsas risk faktorlarından biri sayılır.

 

Beləliklə, qəbizlik cüzi pozulma deyil, qəbizliklə mütləq mübarizə aparmaq lazımdır.

 

Bu sadə məsləhətlər qəbizliklə mübarizədə sizə kömək edəcək.

 

Daha çox su için

 

Mayenin az qəbulu qəbizliyi gücləndirir. Nəcis kütləsi daha bərk olur ki, bu onun bağırsaqda hərəkətini çətinləşdirir. Bu səbəbdən əgər sizi qəbizlik narahat edirsə, gün ərzində 1,5 litrdən az olmayaraq təmiz su için (dükanlarda butulkalarda satılan təmiz su ən yaxşı seçimdir). Səhər acqarına 1 stəkan ev temperaturunda olan su için və sonra 15-20 dəqiqədən sonra qida qəbul edin. Bu bağırsaqları "oyadacaq". Suya buğda kəpəyi əlavə etmək olar. Buğda kəpəyi qəbizliklə mübarizədə çox yaxşı effekt verir. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın, səhər isə yaxşı qarışdırın və için.

 

Yeməyi yaxşı çeynəyin

 

Yeməyin yaxşı çeynənməsi çox vacibdir. Bu sadə qayda insanı bir çox mədə-bağırsaq sistemi xəstəliklərindən qoruyur. Yaxşı çeynənməmiş qida qida borusundan çətinliklə keçir, mədə belə qidanın əzilməsi üçün daha çox güc sərf edir, artıq yüklənir, qida burada daha çox qalır, bağırsaqlara daha gec keçir və s. Beləliklə, bütün həzm prosesi pozulur ki, bu nəticədə qəbizliyə səbəb olur.

 

Həkimlər tez-tez təkrar edir ki, sağlam olmayan dişlər - sağlam olmayan mədə-bağırsaq sistemi deməkdir. Əgər sizin dişlərlə bağlı problemləriniz varsa (xarab dişlər, dişlərin olmaması) bu problemləri tez həll etməyə çalışın.

 

Daha çox hərəkət edin

 

Hərəkətli insanın bağırsaqları azhərəkətli insanın bağırsaqları ilə müqayisədə daha yaxşı işləyir. Bu təbiidir. Hərəkət zamanı bağırsaqların peristaltikasını (hərəkətlilik) güclənir. Bu isə bağırsaqların daha tez boşalmasını təmin edir. Hər gün press üçün müxtəlif fiziki hərəkətlər edin. Bu həm arıqlamağa və yaxşı bədən quruluşuna sahib olmağa, həm də bağırsaqların fəaliyyətini yaxşılaşdırmağa sizə kömək edəcək.

 

Qidalanmanıza fikir verin

 

Qəbizlikdən əziyyət çəkən insanın qidalanmasında mümkün qədər çox çiy meyvə, tərəvəz, göyərti, süd məhsulları, bitki yağları (xüsusilə zeytun yağı) olmalıdır. Meyvə-tərəvəz təbii liflərlə zəngindir. Bu liflər bağırsaqların daha tez boşalmasına kömək edir.

 

Yaxşı işləməyən bağırsaqlar kilo artımına, piylənməyə və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bunun qarşısını almaq üçünsə, bir çox vasitələr var ki, onlardan da ən əsasları təbii qida olan meyvələrdir.

 

Əncir qurusu ən gözəl lifli qidalardan sayılır və bağırsaqdakı zəhərli tullantıların atılmasına kömək edir. Tərkibində qlükoza, yüksək şəkər olduğundan şəkər xəstələrinin çox istifadə etməmələri tövsiyyə olunur.

 

Ərik qurusu südlə dəmlənib içilsə, bağırsaqları çox gözəl yumşaldar və qəbizliyi aradan qaldırar.

 

Üzüm və kişmiş də bağırsaqları rahatlandırır. Lakin bunu da şəkər xəstələri yesələr, diqqət etsinlər.

 

Qəbizlikdən pozulmuş bağırsağa kəvər də çox gözəl təsir edir. Əsasən düyüsüz bişirilməsi məsləhətdir.

 

Zeytun yağı bağırsaq tərəfindən rahat və tez sorulan yağdır. Ona görə də qəbizliyi olanlara məsləhətdir.

 

Xəbər lenti