Xəzər Xəbər

Uşağı yelləyərək yatırtmayın! – ANALARA XƏBƏRDARLIQ

Mədəniyyət | 14:21 • 1 Oktyabr 2015
Uşağı yelləyərək yatırtmayın! – ANALARA XƏBƏRDARLIQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? Aile.lent.az valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Mövzu ilə bağlı bəzi məsləhətləri təqdim edirik.

 

Bu üsul qədim türk mədəniyyətində hər zaman olub və hələ də davam edir. Uşağı yatırtmaq üçün ayaqda yelləmək başda olmaqla, odeyal və ya beşiklə yelləmə üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

 

Uşaqları yelləyərək yatırtmaq nələrə səbəb olur?

 

Daxili qulaqda tarazlığa nəzarət edən içi maye dolu yarım dairə şəklindəki hissəyə “vestibulyar labirint” deyilir. Uşaq yellənən zaman gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələrin yellənti xəbərdarlıqları verməsi uşağın baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə sarsılmış körpə sindromu kimi çox təhlükəli nəticəyə səbəb ola bilər. Uşaqlarda beyin qanamaları, qalıcı beyin zədələri inkişaf edə bilər. Yatmaq problemi olan bir uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.  

 

Körpələri necə yatırtmaq lazımdır?

 

Yuxuya getmə üsulları hər körpədə fərqlidir. Xüsusən də uşağın qaz sancıları keçdikdən sonra ona yatma vərdişi aşılanmalıdır. Körpəni yatırtmağa çalışan zaman onun tox, altının təmiz, mühit istiliyinin və geyiminin uyğun olub-olmadığına nəzarət etmək lazımdır. Əgər bütün bu şərtlər təmin edilibsə və körpə yenə ağlayırsa, demək, körpənin ağlaması yatmaq ehtiyacından yaranıb. Körpə hər axşam eyni saatlarda öncə qucaqda sakitləşdirilməlidir. Daha sonra zəif işıqda, öz yatağında uzadılmalıdır. Onun kürəyini sığallamaq, əlindən tutmaq kimi güvən hissinə toxunacaq hərəkətlər etmək olmaz. Xüsusən də gələcək aylarda yatmaq dostu kimi bir oyuncaq yuxuya getməsini asanlaşdıra bilər. Lakin bu oyuncaq sadəcə yataqda verilməlidir.

Xəbər lenti