Xəzər Xəbər

Uşaqları qrip peyvəndi etdirək, ya yox? - PEDİATR MƏSLƏHƏTİ

Mədəniyyət | 16:35 • 28 Oktyabr 2015
Uşaqları qrip peyvəndi etdirək, ya yox? - PEDİATR MƏSLƏHƏTİ

Böyüklərdə və uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də qripdir. Qrip sözünün hərfi mənası tutulmaq deməkdir. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. Bu, böyük bir xəstəliklər qrupunu özündə əhatə edən patoloji haldır. Qrip də bu ailəyə daxil olan xəstəlikdir.

 

Pediatr Vaqif Qarayev Aile.lent.az-ın valideynlərə qrip və qrip peyvəndi haqqında məsləhətlərini verib. Həkim ilk növbədə onu bildirib ki, hər soyuqdəymə və KRVİ qrip deyil. Qrip virusunu klinik gedişatı və laborator müayinələr əsasında təyin etmək olar: “Qrip ümumi anlayışdır. Amma qrip virusunun 3 növü var - A, B, C. Hər birinin törətdiyi xəstəlik gedişatına görə fərqlənir. Qrip xəstəliyi xüsusən uşaqlarda ağır gedişatı ilə fərqlənir. Başqa respirator xəstəliklərdə temperatur 38-ə qədər qalxa bilirsə, qrip zamanı 39-40 dərəcəyə qalxır və dayanıqlı olur, yəni uzun müddət davam edir. Uşaqların ümumi halı kəskin və qəflətən pisləşir. Südəmər, yəni kiçikyaşlı uşaqlarda yeməkdən imtina, oyanıqlıq, ağlağanlıq, yuxusuzluq, qusma halları baş verir. Əgər qızdırmanın qarşısı vaxtında alınmazsa, qıcolmalar baş verir. Körpə uşaqlarda qrip virusları ilk növbədə yuxarı tənəffüs yolları və mərkəzi sinir sistemini zədələyir. Südəmər uşaqlarda daha çox ağırlaşma, fəsadlaşma ehtimalı həddən artıq çoxdur. Ən çox fəsad ağciyərlərə verir. Qrip virusunun verdiyi pnevmoniya, yəni ağciyər iltihabı, sadə dillə desək, sətəlcəm, həddən artıq ağır keçir. Onun müalicəsi çox çətindir. İkinci ağırlaşma mərkəzi sinir sistemində, yəni baş-beyində miningit yaranır. Bu da uşaq orqanizmi üçün ağırdır, müalicəsi uzun müddət çəkir”.

 

Qripdən ölüm təhlükəsi!

 

V. Qarayevin sözlərinə görə, qripin konkret yaşı yoxdur, yəni yeni doğulmuş uşaq da qrip ola bilər. Hətta yeni doğulanlarda qrip ağır keçir və çox vaxt da ölümlə nəticələnir. Ümumiyyətlə, qrip virusu fəsadlaşdıqda ölüm təhlükəsi yaranır: “Südəmər uşaqlarda qıcolmanın fonunda miningit ani ölümə səbəb ola bilər. Bir az böyük uşaqlarda pnevmoniya - ağciyərlərin iltihabı, sətəlcəm baş verə bilər. Uşaqlar bu vəziyyətdən də çətinliklə çıxırlar. Bəzən deyirlər ki, qrip sağalmadı. Adi burun axması, burun tutulmasına qrip demək olmaz. Burun axması allergiya, adi soyuqdəymədən də ola bilər. Amma qripin əlamətləri çoxdur, üstəlik təhlükəli və ağırdır. Çox zaman da deyirlər ki, uşağın qızdırması düşüb, amma öskürək və burun axması keçmir. Bu, düzgün anlayış deyil”.

 

Pediatr qrip virusunun son dərəcə təhlükəli və yoluxucu olduğunu vurğulayır. Yoluxucu hallar daha çox uşaq bağçaları və məktəblərdə baş verir: “Bir saatın içində bütöv məktəb yoluxa bilər. Qrip virusu hava damcı yolu ilə - öskürək və asqıraqla keçir. Burnun içindəki möhtəviyyatın tərkibi virusla zəngindir. Asqıraq və öskürək zamanı kənara sıçrayan zaman yayıla bilər. Bir sinifdə bir uşaq 1 dəfə asqırmaqla bütov bir sinfi qripə yoluxdura bilər”.

 

Bəs uşaqlara hansı yaşdan etibarən qrip peyvəndivurula bilər?

 

Uşaqlar 6 aylığından sonra qrip peyvəndi oluna bilər. 9 yaşından aşağı və əvvəllər heç bir qrip peyvəndi almamış uşaqlara bir ay ara ilə iki dəfə, böyük dozasının yarısı qədər vurulur. Lakin 9 yaşından yuxarı uşaqlara qrip peyvəndi 1 dəfə vurulur.  

 

Vaqif Qarayev xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən peyvənd edildiyini bildirir: “Məsələn, 2015-ci ilin qışında qripin A (B, C də ola bilər) virusunun epidemiyası gözlənilir. Ona görə əgər proqnozlar düz çıxarsa, peyvənd A virusuna qarşı aparılmalıdır. Bəzən valideynlər şikayət edirlər ki, peyvənd də vurdurduq, amma uşaq yenə qrip oldu. Demək, həmin vaxt epidemiyası gedən virusun növünə görə peyvənd vurulmayıb. Məsələn, A virusu qripi var, amma B qrupunun peyvəndi olunub. Qripin törədicinin A, B, C virusu olması dəqiqləşdirildikdə həkim, tibbi personaj, valideyn üçün də hansı peyvənd vurulması asanlaşır”.  

 

Peyvənd etdirirkən nəyə diqqət etmək lazımdır?

 

Peyvənd iynə şəklində vurulur. Bütün peyvəndlər kimi, qrip peyvəndi zamanı da uşaq mütləq sağlam olmalıdır. Həkim qrip virusu aşkarlandıqda uşaqların mütləq peyvənd olunmasını məsləhət görür: “Bütün peyvəndlər kimi, qrip peyvəndinin də əks təsiri ola bilər. Əgər uşaq xəstədirsə, peyvəndin fəsadları olacaq. Qrip peyvəndi ilə paralel başqa peyvənd vurula bilməz. Uşağa başqa peyvənd vurulmalıdırsa, qrip peyvəndindən iki ay sonra vurula bilər. Qrip peyvəndinin vurulma mövsümü oktyabr-noyabr aylarıdır. Çünki peyvənd iki ay sonra təsirini göstərir. Epidemiya isə əsasən yanvar-fevral aylarında baş verir”.  

Xəbər lenti