Xəzər Xəbər

Dünyada 300 milyona yaxın insan diabetdən əziyyət çəkir

Mədəniyyət | 10:55 • 11 Noyabr 2015
Dünyada 300 milyona yaxın insan diabetdən əziyyət çəkir

Dünya üzrə hər 10 saniyədə 2 nəfərə şəkərli diabet diaqnozu qoyulur, 1 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) “Xəzər Xəbər”ə verilən məlumata görə, dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır.

Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.

Qeyd edək ki, 13 noyabrda “Park Bulvar” AVM-də “14 noyabr - Ümumdünya Diabet Günü” ilə bağlı “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!” şüarı altında maarifləndirmə aksiyası keçiriləcək.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!” Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.

 

Xəbər lenti