Xəzər Xəbər

Azərbaycanın yeni "Leyli və Məcnun"ları məlum oldu

Mədəniyyət | 11:56 • 18 Noyabr 2015
Azərbaycanın yeni "Leyli və Məcnun"ları məlum oldu

2007-ci ildə keçirilən 2-ci Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə Leyli kimi çıxacaq. 

Lent.az-a açıqlama verən muğam ifaçısı bildirib ki, “Leyli və Məcnun” operasında Məcnun rolunda tərəf müqabili, əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev olacaq: “Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında “Leyli və Məcnun” operasını izləyirdim və Leyli və Məcnun obrazına heyranlıqla tamaşa edirdim. Özüm o əsərin içinə daxil olandan sonra sanki yeni bir aləmə düşdüm və iki qəhrəmana yenidən aşiq oldum.

Çox həyəcanlıyam. Çalışacağam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurov və rejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev və Mənsum İbrahimovdan da məsləhətlərimi alıram. Dekabrın 3-ü hər kəsi opera səhnəsinə dəvət edirəm”.

G.Muradova tərəf müqabili S.İbayevdən də söz açıb: “Səbuhi ilə həyatda da dostuq. Düşünürəm ki, səhnədə uğurlu tərəf müqabili olmaq üçün həyatda da münasibətlər qaydasında olmalıdır”.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Tamaşa dekabrın 3-də axşam saat 19-da təqdim olunacaq.

Xəbər lenti