Xəzər Xəbər

Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçildi

Mədəniyyət | 14:25 • 19 Noyabr 2015
Azərbaycan UNESCO Ümumdünya İrs Komitəsinə üzv seçildi

Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası UNESCO-nun 38-ci Baş Konfransı çərçivəsində noyabrın 18-dən 20-dək təşkilatın mənzil-qərargahında keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, Baş Assambleyanın noyabrın 18-də reallaşan iclasında Ümumdünya İrs Komitəsinə seçkilər keçirilib və Azərbaycan bu komitəyə üzv seçilib. Seçkilərdə uğur qazanmağımız ölkəmizin dünya irsinin qorunmasında rolunu artırmaqla yanaşı, Azərbaycanın öz irsinin təşviqində və qorunmasında böyük rol oynayacaq.

Ölkəmizin Komitəyə üzv seçilməyi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi nəticəsində baş tutub.

Komitə Ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya uyğun olaraq fəaliyyət göstərir və, Ümumdünya İrs Siyahısına əlavələr ediləndə yekun və qərarverici səsə malikdir. Həmçinin komitə Ümumdünya İrs Fondunun istifadəsini müəyyənləşdirir, Ümumdünya İrs Siyahısına artıq əlavə olunmuş irs nümunələrinin konservasiyasına nəzarət edir və Təhlükə altında olan İrs Siyahısına əlavələr etməyə qərar verir.

Qeyd edək ki, Azərbaycan tərəfi Ümumdünya İrs Komitəsinə seçki kampaniyası çərçivəsində oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan mədəni irsinin təqdimatını və ziyafət təşkil edib.

Xatırladaq ki, 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birgə İçərişəhər kompleksi, 2007-ci ildə isə Qobustan Dövlət Bədii-Tarixi Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Xəbər lenti