Xəzər Xəbər

Daha 30 nəfər “Məzun evi”nə köçürüləcək

Mədəniyyət | 15:34 • 24 Noyabr 2015
Daha 30 nəfər “Məzun evi”nə köçürüləcək

Valideyn himayəsindən məhrum, kimsəsiz gənclərdən artıq 90 nəfəri “Məzun evi”nə köçürülərək, burada normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, kommunal xidmətlərlə təmin olunublar. Yaxın bir neçə gündə daha 30 nəfər məzunun da burada yerləşdirilməsi həyata keçiriləcək.

"Xəzər Xəbər" məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ölkəmizdə dövlət uşaq müəssisələrində tərbiyə alan və 18 yaşı tamam olduqdan sonra bu müəssisələri tərk edən valideyn himayəsindən məhrum, kimsəsiz gənclərin yaşayış sahəsi ilə təmin olunması işlərinə Prezident İlham Əliyevin həmin gənclərə xüsusi diqqət və qayğısı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında başlanılıb.

S.Müslümov bildirib ki, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlar üçün Abşeron rayonunun Masazır qəsəbəsində ilkin mərhələdə 13 mərtəbəli, 120 mənzilli yaşayış binası və infrastruktur obyektləri inşa olunub. Əlavə olaraq hər biri 120 mənzilli daha 2 yaşayış binasının tikintisinə başlanılıb.

Sosial yardım barədə məlumat verən nazir statistikaya görə, 115 min ailənin ünvanlı sosial yardım aldığını nəzərə çatdırıb. Qeyd edib ki, noyabrın 1-nə bu rəqəm 112 min ailəni əhatə edir. Belə ki, 112 min ailənin təqribən 489 min nəfər üzvü yardımdan yararlanır.

Onun sözlərinə görə, bir ailəyə düşən orta aylıq məbləğ 155 manata yaxınlaşır. S.Müslümov qeyd edib ki, bu gün Azərbaycanda aztəminatlı ailələrin dövlət hesabına bu yardımlarla təmin olunması Azərbaycan vətəndaşlarının BMT-nin müəyyən etdiyi kriteriyalar üzrə müəyyənləşdirilən yoxsulluq və ifrat yoxsulluq dərəcəsindən tamamilə çıxarılmasına xidmət edir.

S.Müslümov dedi: “Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyətində aclıq məfhumu ümumiyyətlə, ortadan götürülüb. Ünvanlı sosial yardımın verilmə müddəti artıq iki ilə qaldırılıb. Bu, imkan verəcək ki, gələn ilin aprelin 1-dən sonra ünvanlı sosial yardım üçün müraciət edəcək ailələrin sayı iki dəfədən çox azalsın”.

Nazir bildirib ki, hazırda ünvanlı sosial yardım sisteminin avtomatlaşdırılmış şəkildə qurulmasının son işləri həyata keçirilir. Artıq müxtəlif yerlərdə yardım masalarının hazırlanması prosesinə başlanılıb. S.Müslümovun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, ünvanlı sosial yardımdan faydalananların təqribən 75 faizə yaxını eyni ailələrdir. Onlar neçə illərdir müraciət edir və yardım alırlar. Sosial yardımın verilmə müddətinin iki ilə qaldırılması o deməkdir ki, artıq müraciət edənlər başqa ailələr olacaq.

Xəbər lenti