Xəzər Xəbər

Uşaqlar arasında dəri-zöhrəvi xəstəliklər artıb - TƏHLÜKƏ

Mədəniyyət | 17:12 • 24 Noyabr 2015
Uşaqlar arasında dəri-zöhrəvi xəstəliklər artıb - TƏHLÜKƏ

Son illər ölkədə uşaqlar arasında allergik, dəri-zöhrəvi xəstəliklərin sayı kəskin şəkildə artıb. Əvvəlki illərlə müqayisədə həm yenidoğulmuşlar, həm də müxtəlif yaş qrupuna aid uşaqlarda dəri-zöhrəvi xəstəliklərə tez-tez rast gəlinir. Əvvəllər nadir hallarda qeydə alınan bu xəstəliklərə indi hər beş uşaqdan birində rast gəlinir. Bunu Aile.lent.az-a 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserindən də təsdiqləyiblər. Dispanserin poliklinika şöbəsinin müdiri Hülya Qarayeva bizimlə söhbətində bildirdi ki, onlara da müraciət edənlərin sayı çoxdur: “Ümumiyyətlə, təcrübə göstərir ki, əvvəlki illərə nisbətən uşaqlarda dəri-zöhrəvi xəstəliklərə daha çox rast gəlinir. İndi 5 uşaqdan biri müxtəlif allergik, zöhrəvi xəstəliyin daşıyıcısıdır. Əvvəlki illərlə müqayisədə azyaşlılar arasında dəri-zöhrəvi xəstəliklərdən sayılan dərialtı toxuma xəstəlikləri tez-tez qeydə alınır. Atopik dermatit və bu xəstəliyin oxşarlıq vəziyyətindən müraciət edən uşaqların sayında artım müşahidə olunur. Dispanserə gətirilən uşaqlar arasında təmas dermatiti və ekzemanın başqa formaları da qeydə alınıb. Bu xəstəlik daha çox uşaq bez istifadə etdikdə, güvəclə təmas zamanı qeydə alınır”.

Şöbə müdiri uşaqlar arasında ən çox pullu dəmirov dəri xəstəliyinin artdığını söylədi. Onun sözlərinə görə, geniş yayılan dəri-zöhrəvi xəstəliklər arasında stafilotodermiya, göbələk xəstəliyinin də adı var. Amma H. Qarayeva dəri-zöhrəvi xəstəliklərin yaş qrupuna görə dəyişdiyini də bildirdi. Dispanser səlahiyyətlisi deyir ki, atopik dermatit, dermatit, ekzema, allergik dermatit kimi xəstəliklərə əsasən 0 yaşdan 3-4 yaşa qədər uşaqlarda daha çox rast gəlinir.

Həkim dəri-zöhrəvi xəstəliklərdən əsasən göbələk və qoturluğun keçici olduğunu da bildirdi. Onun sözlərinə görə, bu xəstəliklər əsasən təmas zamanı keçir. Zöhrəvi xəstəliklər isə cinsi yolla ötürülür. Nə qədər qəribə səslənsə də, zöhrəvi xəstəliklərdə ölüm riski daha çoxdur. Bunu da şöbə müdiri H. Qarayeva deyir: “Yenidoğulmuşlarda anadangəlmə sifilis xəstəliyi müşahidə olunur ki, onun da 70 faiz ölümlə nəticələnir. Amma dəri xəstəliklərində ölüm riski demək olar ki, sıfıra bərabərdir”.

Dəri xəstəliklərinin əsasən yaz-yay aylarında artdığını deyən şöbə müdirinin sözlərinə görə, xəstəliklərin növündən asılı olaraq fəsillərdə artım baş verir: “Stafilotrodermiyalar, yoluxucu göbələk xəstəlikləri yaz-yay aylarında daha çoxalır. Amma elə dəri xəstəlikləri də var ki, qışda oyanır. Onlara virus mənşəli dəri xəstəlikləri aiddir. Məsələn, dəmirov, kəmərləyici dəmirov xəstəlikləri. İrsi xəstəliklərin isə fəsilə dəxli yoxdur. Bəzi dəri-zöhrəvi xəstəliklər uşaqlarda anadangəlmə yaranır. İrsi dəri xəstəlikləri ixtiyoz, pullu dəmirov və sair sayılır. Ümumiyyətlə, azyaşlılar arasında irsi dəri-zöhrəvi xəstəliklərinə də çox rast gəlinir. Belə xəstəliyin qarşısını əvvəldən almaq mümkün deyil. Yenidoğulmuşlar arasında pullu dəmirov, vitiliqo (ala xəstəliyi) çox müşahidə edirik. Uşaqlarda yoluxucu və dəri zöhrəvi xəstəlikləri müalicə etmək mümkündür. Amma genlə ötürülən allergik xəstəlikləri tam müalicə etmək olmur”.

Ümumiyyətlə, uşaqlar arasında dəri-zöhrəvi xəstəliklərin yaranma səbəbləri müxtəlif olur. Azyaşlılarda dəri-zöhrəvi xəstəliklərin yaranması həm biokimyəvi, həm bioloji, həmçinin də fiziki amillərin təsiri ilə əlaqədardır: “Uşaqlarda allergiya əsasən mədə-bağırsaq sisteminin qida məhsullarına uyğunlaşmaması üzündən baş verir. Bəzən südəmər uşaqlar ananın pəhriz saxlaması üzündən allergiya olur. Yaxud hansısa qida uşağa düşmür. Bəzən yenidoğulmuş uşağı inək südü ilə qidalandırırlar. Bu da uşaqda allergik dermatitlərin yaranmasına gətirib çıxarır. Ümumiyyətlə, allergiya azyaşlılarda əsasən mədə-bağırsaq sistemi ilə əlaqəli baş verir. Amma allergik xəstəliklərin baş verməsində ekoloji təsirlərin də rolu böyükdür. Son dövrlər dəri-zöhrəvi xəstəliklərin sayının artmasının bir səbəbi isə indiki dövrdə uşaqların immunitetinin aşağı olmasıdır. Digər tərəfdən isə dəri-zöhrəvi xəstəliklərin meydana gəlməsinə, sayının artmasına dərmanlar təsir göstərir. Çünki dərmanların gücü əvvəlki keyfiyyətdə deyil. Ona görə də allergik xəstəliklər azyaşlılar arasında artır. Qurd dəridə xəstəlik əmələ gətirməsə də, xəstəliyin artmasına təsir göstərir. Dəri xəstəliklərinin 80 faizindən biri də qurddur. Ona görə də qurda görə müalicədən öncə analizlərin aparılması şərtdir”.

Şöbə müdiri dəri-zöhrəvi xəstəliklərin erkən təyininin və müalicənin uğurla sonuclandığını da bildirdi: “Uşaqlarda dəri-zöhrəvi xəstəliklərlə bağlı erkən müraciət edilməlidir ki, xəstəliyin fəsadlaşmasının qarşısı alınsın. Həkimə vaxtında müraciət edəndə qoturluq bir həftəyə, göbələk bir-iki aya müalicə ediilir. Həmçinin dəri-zöhrəvi xəstəliklərin sayının artmasının qarşısını almaq üçün də düzgün müalicənin təyin edilməsi çox vacibdir. Bəzən xəstəni bizim dispanserə xəstəliyin fəsadlaşmış formasında gətirirlər. Əksər hallarda valideynlər müalicə üçün mütəxəssisə müraciət etmirlər. Dəridə hər hansı allergik xəstəliklə bağlı apteklərdə əczaçılarla məsləhətləşirlər. Düzgün təyin edilməyən dərman isə vəziyyəti düzəltmək əvəzinə pisləşdirir. Əks müalicə xəstəliyin uzanmasına, dəridə xəstəliyin kəskinləşməsinə səbəb olur”.

Xəbər lenti