Xəzər Xəbər

Uşaq yaşlı gəlinlər...

Mədəniyyət | 14:07 • 16 Dekabr 2015
Uşaq yaşlı gəlinlər...

Ötən il respublika üzrə 170 min 503 nəfər diri doğulan uşağın 3296 nəfəri 15-17 yaşlı anaların payına düşüb.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

İ.İsayev bildirib ki, BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 faizini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək. 

Nazir müavini erkən nikahların əsas hissəsinin Afrika və Cənubi Asiya ölkələrinin payına düşdüyünü, həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının birinin 18 yaşına çatmamış qız olduğunu bildirib. Qeyd edib ki, ən yüksək göstərici Nigerdə (75%), Çad və Mərkəzi Afrika Respublikasında (68%), Banqladeşdə (66%), Qvineyada (63%), Mozambikdə (56%), Malidə (55%), Burkina-Faso və Cənubi Sudanda (52%) və Malavidə (50%) qeydə alınıb. Mütləq ifadədə isə erkən nikahların sayı Hindistanda daha çoxdur. Bu ölkədə nikahların 47 faizi erkən yaşda olan şəxslərdir.

Qeyd olunan ölkələrdən fərqli olaraq Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə, bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84 min 912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9 faiz olub ki, həmin qadınların 61,6 faizi kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.

Nazir müavini əlavə edib ki, 2004/05-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib. Qeyd edib ki, 2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub. 2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8 faizi kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir.

Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170 min 503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. İ.İsayev dedi: “Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.

“Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”,- deyə qeyd edən İ.İsayev ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil etdiyini, onların 47,4 faizinin gənc qızlar olduğunu bildirib. O, ölkədə gənclərin məşğulluğunun təmin olunması yönündə aparılan işlərdən, o cümlədən dövlət məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən, tələbə və məzunların əmək bazarlına inteqrasiyasının dəstəklənməsindən, BƏT-lə birgə icra olunan pilot layihə çərçivəsində bir qrup gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin olunmasından söz açıb. Onun sözlərinə görə, hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 43 faizi təşkil edir. Bunların 45,5 faizi gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili vardır.

Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu, 20,6 faiz, İspaniyada - 49,3, Xorvatiyada - 43,6, İtaliyada - 41,5 faizdir. Diqqətə çatdırıb ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib.

İ.İsayev araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini qeyd edib. O, regional inkişaf üzrə Dövlət Proqramları nəticəsində ölkənin bütün bölgələrində həyata keçirilən inkişaf proseslərindən, habelə sosial məsələlərin həlli ilə bağlı görülən tədbirlərdən, Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı layihələrindən bəhs edib.

Nazir müavini bildirib ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir. Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir.

Xəbər lenti