Xəzər Xəbər

Vərəsəlik hüququnun müəyyənləşdirilməsi qaydası dəyişdi

Mədəniyyət | 09:58 • 19 Dekabr 2015
Vərəsəlik hüququnun müəyyənləşdirilməsi qaydası dəyişdi

Azərbaycanda ölən şəxsin mirası ilə bağlı vərəsəlik hüququnun müəyyənləşdirilməsi qaydası dəyişib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a etdiyi dəyişiklikdə əksini tapıb.

Təlimata əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. İndiyə qədər mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsdiq edilib. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edib.

Dəyişikliyə əsasən isə bundan sonra mirasın açıldığı yer miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənədlə təsdiq ediləcək. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius yenə də vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edəcək.

Xəbər lenti