Xəzər Xəbər

Əlincəqalanın tarixinə aid yeni faktlar aşkarlanıb

Mədəniyyət | 14:16 • 19 Yanvar 2016
Əlincəqalanın tarixinə aid yeni faktlar aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin xüsusi tədqiqat qrupu Əlincəqalanın tarixinə aid yeni faktlar aşkarlayıblar. Tədqiqat qrupunun rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və qrupun üzvü Nizami Alıyev tərəfindən biri qurğuşun, digəri isə gümüşdən kəsilən iki sikkə tapılıb.

AZƏRTAC xəbər verir ki, üzərində ərəb xəlifəsinin təsviri olan qurğuşun sikkənin tarixi hələlik dəqiqləşdirilməyib. Üzərində süvari təsviri olan gümüş sikkənin sikkəşünas tədqiqatçı, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva tərəfindən araşdırılması göstərib ki, sikkə VII əsrdə Daşkənddə zərb edilib. Bu tapıntı Əlincəqalanın nəinki VII əsrdə mövcud olduğunu, həmçinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələr qurduğunu göstərir.

Olduqca nadir rast gəlinən bu sikkə indiyədək Azərbaycan ərazisində aşkar edilməyib. Sikkənin VII əsrdə buraya gətirilməsi hələlik bir müəmma olsa da, Əlincəqalanın əsrarəngiz tarixindən xəbər verir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2014-cü il fevralın 11-də “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” Sərəncam imzalanıb. AMEA Naxçıvan Bölməsinin xüsusi tədqiqat qrupu da məhz həmin sərəncamın icrası istiqamətində fəaliyyət göstərir, Əlincəqalanın tarixini daha dərindən araşdırır.

 

Xəbər lenti