Xəzər Xəbər

Şuşanın Aşağı Gövhər ağa məscidi

Mədəniyyət | 15:19 • 16 Noyabr 2020
Şuşanın Aşağı Gövhər ağa məscidi

Şuşanın memarlıq abidələrindən biri də Aşağı Gövhər ağa məscididir. Şəhərin Qapan meydanında yerləşən bu məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Şuşanın işğal edilməsi ilə şəhərin bütün memarlıq abidələri kimi Aşağı Gövhər ağa məscidi də erməni vandalizminin qurbanına çevrilib. İşğaldan keçən 28 il müddətində bu məscid xeyli dağıntılara məruz qalıb.


Şuşada iki Cümə məscidindən biri olan Aşağı Gövhər ağa məscidi şəhərin 1855-ci ilə aid baş planında qeyd olunub. Bu, həm Aşağı məscid, həm də Kiçik məscid kimi tanınır. Məsciddə ilk yenidənqurma–təmir işləri 1874-1875-ci illərdə aparılıb. Yeni formatda məscidin inşası memar Kərbəlayı Şəfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi vəsaiti əsasında həyata keçirildiyinə görə tikiliyə onun adı verilib.


Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, ikiyaruslu məscidin şimal fasadında üçtağlı eyvan yerləşir. Onun orta tağı yarımdairəvi yan tağlarından fərqli olaraq oxvarıdır ki, bu da tikiliyə xüsusi gözəllik verir. Yan tağlar üzərində əsas fasad boyunca yüksələn həmin tağ məscidin ön girişinə işarədir. Yuxarı Gövhər ağa məscidindən bəzi xüsusiyyətlərinə görə fərqlənən bu tikilinin minarələri əsas fasadı deyil, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir.


Aşağı Gövhər ağa məscidinin əsas girişi şimal-qərb istiqamətdə yerləşir. Onun oxu üzbəüz yerləşən mədrəsə binasının girişinin oxu ilə oxşarlıq təşkil edir. Diqqət yetirsək görərik ki, məscid kompleksi görünüşünə görə Yuxarı Gövhər ağa məscid kompleksinin kiçildilmiş formasıdır. Lakin Aşağı Gövhər ağa məscidində əsas fasadı küçənin genişləndirilməsi nəticəsində meydana çıxan və planlaşdırılmış sahə də var.


"Aldığımız məlumata görə, məscidin interyeri Şuşanın işğalından sonra erməni vandalizmi nəticəsində tamamilə dağıdılıb. Hər iki cümə məscidi eyni ölçülərə malikdir. Aşağı Gövhər ağa məscidinin ibadət zalı çatmatağ və beş günbəzlə örtülüb. Bu da həmin tikilinin əsas xüsusiyyətlərindən biridir. Məscidin memarlıq üslubunda əsas yer tutan cəhətlərdən biri də xüsusi peşəkarlıqla stalaktitlərlə bəzədilmiş mehrabın yerləşməsidir. Məscidin ikinci mərtəbəsində yan hissələrdə qadınlar üçün nəzərdə tutulmuş eyvanlar uzanır. Bu da onun memarlıq baxımından zənginliyini göstərir. Hər iki məscid Şuşa şəhər tarixi-mədəniyyət memarlığının incisidir. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən Şuşanın işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtardı”, - deyə alim fikrini yekunlaşdırıb.

Xəbər lenti