Xəzər Xəbər

Qəbələdə Heydər Əliyev Fondu tərəfindən təmir edilən kilsə istifadəyə verilib FOTO

Mədəniyyət | 20:01 • 7 Noyabr 2020
Qəbələdə Heydər Əliyev Fondu tərəfindən təmir edilən kilsə istifadəyə verilib

Qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələnin Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə verilib.

APA-nın verdiyi xəbərəgörə, noyabrın 7-də keçirilən mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri, rayonun rəhbər şəxsləri, Alban-Udi Dini İcmasının üzvləri, Azərbaycanda yaşayan xristianlar iştirak edib.

Heydər Əliyev Fondunun əməkdaşı Zəhra Hacıyeva bildirib ki, bu gün biz Fondun "Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi çərçivəsində maddi-mədəni irsə, tarixi abidələrə verilən dəyərin şahidi oluruq: "Layihə çərçivəsində abidələrin təmir-bərpası işləri Azərbaycanla yanaşı, Fransa, İtaliya, Rusiyanı əhatə edir. Fond bu ölkələrdə də bir çox tarixi abidələrin, kilsələrin təmir-bərpasını həyata keçirib, hazırda da edir.

Heydər Əliyev Fondu tərəfindən görülən bu işlər bir daha Azərbaycanın mültikultural dövlət olduğunu göstərir. Hazırda Qarabağın işğaldan azad olunan ərazilərinə baxdıqda məlum olur ki, ermənilər tarixi abidələrə qarşı vandalizm aktları törədib, məscidləri dağıdıblar. Azərbaycan dövləti isə kilsələri təmir edərək gələcək nəsillərə çatdırmağa çalışır. Nic qəsəbəsindəki bu Alban Udi Kilsəsinin tikintisinə XII əsrdə başlanılıb, XVIII əsrdə başa çatdırılıb. Sonradan bu kilsə ermənilərin əsarətinə düşüb, onlar tərəfindən dağıdılaraq yararsız hala salınıb. Heydər Əliyev Fondu 2019-cu ildə kilsənin təmirinə başlayıb, bərpa işləri bu gün başa çatdırılaraq istifadəyə verilib. Bu, Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən təmir edilən ikinci kilsədir. 2006-cı ildə udilərin kompakt şəkildə yaşadığı Nic qəsəbəsində "Cotari” Alban Udi kilsəsi təmir edilmişdi. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var, xristianlarla müsəlmanlar bir yerdə həmişə mehriban yaşayıblar”.

Alban Udi Dini İcmasının sədri Robert Mobili bildirib ki, bu gün tarixi gündür, Qəbələdə Müqəddəs Məryəm Ana Kilsəsi təmir və bərpa edildikdən sonra istifadəyə verilir: "Bu, Azərbaycan həqiqətidir. Tarixi həqiqət bu gün bərpa olunur. XII əsrdə təməli qoyulan, XVIII əsrdə istifadəyə verilən bu Alban Udi Kilsəsi ermənilərin tabeliyinə verilmişdi. Təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilmiş, onun maddi və mənəvi irsi ermənilərin Qriqoryan kilsəsinin təsiri altında erməniləşdirilib, sənədlər, arxiv materialları, lövhələri dəyişdirilərək saxtalaşdırılıb. İndi Udilərin tarixi həqiqəti bərpa olunur. Bu gün kilsədə birinci duamız Qarabağın erməni işğalından azad edilməsi uğrunda döyüşən Azərbaycan əsgəri üçün oldu. Biz çox sevinirik ki, Qarabağdakı şəhərlər və kəndlər erməni işğalından azad edilir. Ermənilər Qarabağda İslamla bağlı, Qədim Qafqaz Albaniyası ilə bağlı tarixi məhv ediblər. Qarabağdakı kilsələr Alban xristianlarına məxsusdur, sonradan ermənilər onları öz adlarına çıxıblar. Qarabağdakı tarixi Alban məbədlərinin böyük bir qismi ermənilər tərəfindən qriqoryanlaşdırılıb. Biz udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq hazırda Qəbələ və Oğuzdakı alban məbədlərində ibadət etdiyimiz kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Laçındakı Ağoğlan, Kəlbəcərdəki Gəncəsər, Ağdərədəki Müqəddəs Yelisey və onlarla digər belə məbədlərdə ibadət edəcəyimiz günləri səbirsizliklə gözləyirik”.

Robert Mobili qeyd edib ki, xristianlıqda heç bir din xadimi müharibəyə, döyüşə çağırış edə bilməz. O bildirib ki, xristianlıqda 10 qadağa var: "Altıncı qadağa belədir: "Öldürmə!” Erməni kilsəsində əlində silah tutaraq orduya çağırış edən, insanları öldürməyə dəvət edən din xadimlərinin bu hərəkəti xristian dininə ziddir”.

Mərasim iştirakçıları təmir-bərpadan çıxmış kilsə ilə tanış olub, dini ayinləri icra edib, dualar oxuyublar.

Xəbər lenti