Xəzər Xəbər

Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxıblar

Mədəniyyət | 16:16 • 4 Noyabr 2020
Ermənilər işğal etdikləri Azərbaycan ərazisindəki abidələrin əksəriyyətini öz adlarına çıxıblar

Ermənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasəti XX əsrin son onilliyində pik həddinə çatdı. Ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü nəticəsində insanlarımız öz doğma yurd-yuvalarından didərgin salınaraq məcburi köçkün vəziyyətinə salındı. Azərbaycan xalqının tarixi-mədəni irsinə və etnik-mədəni dəyərlərinə ağır zərbələr vuruldu. Dağıdılmış mədəni abidələrin sırasında Azərbaycanın islam irsinə məxsus olan məscidlər, habelə pirlər, ocaqlar, ziyarətgahlar, sərdabalar da vardı. Bu siyahıya, həmçinin qədim məzarlıqlar, arxeoloji qazıntılar, alban məbədləri, tarixi əlyazmalar və eksponatları əlavə etmək lazımdır. Ermənilərin törətdikləri bu vandalizm beynəlxalq hüquq normalarına zidd olduğu üçün zaman-zaman bir çox beynəlxalq təşkilatlar tərəfindən qəti şəkildə pislənib.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Aidə Bəndəliyeva deyib. O bildirib ki, erməni terroristləri Azərbaycanın arxeoloji irsini talan etməklə respublikamızın da qoşulduğu "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının müddəalarını kobud şəkildə pozub. Mənfur ermənilər işğal olunan ərazilərdə 400-dən çox tarixi-mədəni abidələrin yarısını "erməniləşdiriblər”, qalanlarını məhv ediblər. Dağıdılması mümkün olmayan abidələr isə baxımsızlıqdan yararsız hala düşüb. Bunlardan qədim Şuşa şəhərinin əsas rəmzlərindən hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalası, Laçın rayonunun Kosalar kəndində yerləşən Ağoğlan məbədi, 40-a yaxın qoç heykəlləri, Kəlbəcər rayonunda Qırmızı monastır adlı alban məbədgahı, 11 məbəd, 5 qala, məşhur Gəncəsər monastırı, 3 məscid, 17 məbəd, 5 ziyarətgah, Qubadlı rayonunda 2 mağara, 8 məscid, 7 türbə, 2 məbəd, 2 İmamzadə, 10 ocaq-pir, 6 qala məhv edilib və ya erməniləşdirilib. Həmçinin Xocavənd, Xankəndi, Əsgəran, Xocalı, Füzuli və Cəbrayıl rayonlarında çoxlu sayda abidələr erməni terroruna məruz qalıb: "1988-ci ildən bəri erməni terrorçularının Azərbaycanın tarixi-mədəni abidələrinə vurduqları ziyana görə işğalçı Ermənistan Beynəlxalq Məhkəməyə verilməlidir. Azərbaycana vurduqları mənəvi, fiziki, maddi zərərin ödəmələri üçün tədbirlər görülməlidir”.


Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yenə də tarixi-mədəni abidələrimizə bilərəkdən ziyan vurulur. Azərbaycanın ikinci böyük şəhəri Gəncənin (burada 195 daşınmaz tarix-mədəniyyət abidəsi var) raket atəşinə tutulması nəticəsində tarixi abidələrə də ciddi ziyan dəyib.


"Ermənistanın Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinə qarşı yönələn qeyri-qanuni fəaliyyəti, xüsusən tarixi abidələrin hədəfə alınması və mənimsənilməsi "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa, "Arxeoloji irsin qorunması haqqında” Avropa və "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” UNESCO konvensiyalarının və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulması deməkdir.


Əminik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı haqq savaşında zəfər bizim olacaq. İşğaldan azad olunan ata-baba torpaqlarımızda tarixi-mədəni abidələrimizi bərpa edəcəyik. Ermənistan isə törətdiyi vəhşiliklərə, vandalizmə qarşı beynəlxalq hüquq qarşısında cavab verəcək”, - deyə Aida Bəndəliyeva qeyd edib.

Xəbər lenti