Xəzər Xəbər

Azərbaycanda elektron musiqi kitabxanası yaradılıb

Mədəniyyət | 11:26 • 5 Mart 2016
Azərbaycanda elektron musiqi kitabxanası yaradılıb

M.F.Axundov adına Milli Kitabxananın saytında yeni bölüm - "Musiqi kitabxanası" yaradılıb.

Bu barədə Milli Kitabxananın direktoru Kərim Tahirli məlumat verib.

Kərim Tahirli yeni yaradılan bölmədə Azərbaycan musiqisinə dair çap olunmuş və Milli Kitabxananın fondlarında mühafizə olunan nəşrlərin elektron versiyasından ibarət tam mətnlərin yerləşdirildiyini bildirib:

"Saytımızda yeni yaradılan "Musiqi kitabxanası" bölməsində musiqiçilərin müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun icazə verdiyi və ya müəlliflərin özlərinin rəsmi icazəsi ilə əsərlərinin hamı üçün açıq olduğu, qalan ədəbiyyatdan isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə etməyin mümkün olduğu diqqətə çatdırılıb. "Musiqi kitabxanası"nda "Azərbaycan musiqisinin dünyada təbliği" bölməsi yaradılıb. Həmin bölmədə 30 bəstəkarın 150-dək əsərinin notları, 25 Azərbaycan xalq mahnısının (o cümlədən Azərbaycanın Dövlət Himni, "Sarı gəlin" mahnısı və b. xalq mahnıları) Azərbaycanın korifey ifaçıları- Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və b. ifasında mp3 formatda yerləşdirilib".

Qeyd edək ki, "Musiqi kitabxanası" bölməsində balaban, kamança və digər milli misiqi alətlərində solo ifaların, hər bir milli musiqi alətinin rəngli təsvirləri, onların bizim milli musiqi aləti olması barədə annotasiya və s. haqqında qısa məlumatlar yerləşdirilib.

"Musiqi kitabxanası"nın "Azərbaycan" bölməsində dünya dövlətlərinin himnləri bölməsi var. Burada 88 ölkənin himni və himnin notları göstərilir. Bu bölmədə əsərlərin parteturaları, notlar və digər 14 bölmədə yer alan bütün notların müəllif üzrə, ölkə üzrə, ilinə, növünə görə (balet, simfoniya, mahnı, operetta, opera və s.) yerləşdirilməsi ətraflı göstərilib.

Qeyd edək ki, "Musiqi kitabxanası" adlı bölmə Milli Kitabxananın saytında yaradılıb. Kitabxananın saytına daxil olmaqla, musiqi əsərlərinin yer aldığı bölməni izləmək və dinləmək mümkün olacaq. (Report)

Xəbər lenti