Xəzər Xəbər

Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib

Mədəniyyət | 12:08 • 10 Mart 2016
Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib

Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə 2010-cu ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı təsdiq olunub. Bu proqram nəticəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafı vüsət alıb və regionların sosial-mədəni həyatında müsbət dəyişikliklər baş verib. Proqrama əsasən “əfsanələr”, “folklor”, “sənətkarlıq” və bu kimi nominasiyalar üzrə “paytaxt” seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edib, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb. Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Azərbaycanın Əfsanələr Paytaxtı”, Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən “Azərbaycanın Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Azərbaycanın Sənətkarlıq Paytaxtı”, habelə Şamaxı “Azərbaycanın Ədəbiyyat Paytaxtı” və Qax “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan olunub.

Nazirlikdən "Xəzər Xəbər"ə bildirilib ki, proqramla əlaqədar 2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib. Bu münasibətlə martın 11-də Muzey Mərkəzində 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı”nın təqdimat mərasimi keçiriləcək.

Məsələ ilə əlaqədar Qusar rayonunda il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfrans, “dəyirmi masa”, konsert, müsabiqə, festival, sərgi, yarmarka, infotur və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Xəbər lenti