Xəzər Xəbər

Sandro Bottiçellinin tablosu fantastik qiymətə sığorta edilib

Mədəniyyət | 16:18 • 18 Noyabr 2019
Sandro Bottiçellinin tablosu fantastik qiymətə sığorta edilib

Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyi İntibah dövrünün görkəmli rəssamı Sandro Bottiçellinin "Madonna della Locia” tablosunu 3 milyon avro məbləğində sığorta etdirib.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiyanın dövlət satınalmaları üzrə saytında qeyd olunub: "İtaliyanın Florensiya şəhərində yerləşən Uffitsi qalereyası kolleksiyasından Sandro Bottiçellinin "Madonna della Locia” tablosu eksponatının sığortasının təşkili üzrə xidmətlər göstərilməsi. Muzey əşyasının ümumi sığorta məbləği 3 milyon avro”. Sığorta müqaviləsinin bağlandığı yeganə şirkətin adı isə açıqlanmayıb. Sığorta müddəti 2020-ci il martın 16-da başa çatır və onun təqdim edilməsində bütün risklər nəzərə alınıb.


Sözügedən tablo Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda, həmçinin martın 16-da başa çatan Sankt-Peterburq Mədəniyyət Forumunda nümayiş etdirilib. Ermitaj onu 2020-ci il fevralın 16-dək nümayiş etdirəcək.


"Madonna della Locia” Bottiçellinin erkən (1467-ci il) əsərlərindən biridir. Rəssam onu yağlı boya ilə taxta üzərində işləyib. Tabloda Madonna körpəsi ilə lojada təsvir edilib. Rəsm əsəri Uffitsi qalereyasında saxlanılır.

Xəbər lenti