Xəzər Xəbər

Şifahi ev tapşırıqları necə yerinə yetirilməlidir?

Mədəniyyət | 19:20 • 22 Mart 2016
Şifahi ev tapşırıqları necə yerinə yetirilməlidir?

Ev tapşırıqları şagirdin bilik və bacarıqlarının möhkəmləndirilməsi üçün istifadə olunan sadə metodlardan biridir. Bir çox uşaqlar şifahi tapşırıqları çətinliklə yerinə yetirir. Bəs o zaman sadə və bəzən mürəkkəb olan, qısa və ya uzun mətnləri necə mənimsəmək olar ki, material uşağın yadında daha uzun müddət qalsın və ən əsası uşaq öyrəndiklərindən həyatda istifadə edə bilsin?

Əsas şərt övladınızın şifahi ev tapşırıqlarını yerinə yetirərkən çox yorğun olmamasıdır. Belə ki, bu tapşırıqlar şagirdin nitq bacarıqlarını inkişaf etdirir, ona fikrini daha dəqiq çatdıra bilməsi üçün imkanlar yaradır. 

Bunu da oxu: Ev tapşırıqlarının yerinə yetirilməsində 5 qızıl qayda: http://www.valideyn.az/az/article/184-ev-tapsiriqlarinin-yerina-yetirilmasinda-5-qayda

Beləliklə, ilkin mərhələdə sizin nəzarətinizlə uşaq mətni oxuyur. Mətni oxuyarkən aydın olmayan sözləri, terminləri qeyd etmək (mətni sadə qələmlə oxumaq vərdişinə yiyələnmək məqsədəuyğun sayılır, bu zaman aydın olmayan sözlərin altından xətt çəkmək və ya qaralama vərəqlərdə yazmaq olar) və onların mənasını lüğətdən istifadə edərək tapmaq lazımdır.

İkinci mərhələ mətni tam oxuyub başa vurduqdan sonra paraqrafı bir neçə hissəyə ayırmaqla başlayır. Daha sonra mətnə verilmiş suallara cavab tapmaqda uşağa kömək edin. Bu sualları cavablandırdıqdan sonra uşaq mətni təkrar oxusun, hər hissənin əsas mövzusunu qeyd etsin (bu zaman ona köməkçi suallar verə bilərsiz). Hissələri bitirdikdən sonra mətnə uyğun plan qurulması bütünlüklə mətni uzunmüddətli yadda saxlaması üçün kömək edəcək.

Bunu da oxu: Ev tapşırıqlarına nəzarət: http://www.valideyn.az/az/post/68-ev-tapsiriqlarina-nazarat

Sonda uşağın ev tapşırıqlarını sizə danışmasını istəyin. Bu həm uşaqda dərsə cavab verərkən özünəinamı artırır, həm də onun nitq qabiliyyətini daha da yaxşılaşdırır.

Belə əsaslı hazırlıqdan sonra pis qiymətlər almaq mümkün deyil. Yadınızda saxlayın ki, öz nöqteyi nəzərini daima irəli sürə bilən uşaq, gələcəkdə çox gözəl nitq qabiliyyətinə malik olacaqdır./valideyn.az

Xəbər lenti