Xəzər Xəbər

“DTK-nın qorxunc sirri”

Mədəniyyət | 18:25 • 26 Dekabr 2016
“DTK-nın qorxunc sirri”

“Mütərcim” nəşriyyatında belaruslu yazıçı Anatoli Matviyenkonun “DTK-nın qorxunc sirri” kitabı Azərbaycan dilində işıq üzü görüb. Kitaba müəllifin eyniadlı povesti daxil edilib.

AZƏRTAC xəbər verir ki, povesti Azərbaycan dilinə Kəmalə Abiyeva tərcümə edib. Bu kitab Belarus yazıçısının Azərbaycan oxucusu ilə ilk görüşüdür.

Yazıçı Kamran Nəzirlinin kitab yazdığı “Ön söz”də deyilir: "Azərbaycan oxucusuna şairə Kəmalə Abiyevanın tərcüməsində təqdim olunan bu povestin süjeti müəyyən mənada real hadisələr üzərində qurulub; hadisələr əsasən sovet dövründə fəaliyyət göstərən hərbi elektron zavodunda, gənc və təcrübəli mütəxəssislərin çalışdığı laboratoriyada, laboratoriya ilə zavod arasındakı xırda pivəxanada cərəyan edir. Zavodda keçmiş SSRİ-də çox nadir hesab edilən radiodetallar istehsal olunur, müəssisə təbii ki, DTK nəzarətindədir. DTK polkovnikinin zavoda və mütəxəssislərin işinə müdaxiləsi, gizli və anlaşılmaz radiosxemlərin sifarişi, mühəndislərin işə münasibətləri, Təhlükəsizlik Komitəsi əməkdaşının sifarişlərlə bağlı qeyri-peşəkar göstərişləri, nəhayət, bu fonda müəllifin mistika və fantastik təsəvvürlərinin əsərin ictimai-siyasi ruhuna ustalıqla uzlaşdırılması povesti daha da maraqlı edib..."

Ümid edirik ki, kitab Azərbaycan oxucusunun böyük marağına səbəb olacaq.

Qeyd edək ki, tanınmış Belarus yazıçısı Anatoli Matviyenko Minskdə yayımlanan MDB ölkələri üzrə beynəlxalq ədəbiyyat portalının redaktorudur. Onu Anatoli Minski kimi də tanıyırlar. O, on altı roman, beş povest, onlarla hekayə müəllifidir, onun esse və ədəbi-tənqidi məqalələri, tarixi-fantastik janrda əsərlərin yazılış texnikasına dair tövsiyələri gənc yazıçılar üçün sözün əsl mənasında yaradıcılıq örnəyinə çevrilib. Yazıçının məhsuldar yaradıcılığı nüfuzlu mükafatlarla qiymətləndirilib, 2013-ci ildə jurnalistlər üçün "Canlı söz" portalında keçirilən "Doğma sözə sadiqlik" müsabiqəsinin laureatı olub. O, həmçinin Moskva və Sankt-Peterburq haqqında fantastik povestlər müsabiqəsinin laureatıdır.

Xəbər lenti