Xəzər Xəbər

Onun arxivində 1200-ə yaxın yadigar səs qorunur - FOTO

Mədəniyyət | 14:23 • 4 Aprel 2019
Onun arxivində 1200-ə yaxın yadigar səs qorunur -

Bir vaxtlar dəb halını alan kolleksiya toplamaq adəti son illər unudulmaqdadır. Xüsusilə bölgələrdə bu işə maraq itmək üzrədir. Amma elə bölgələrimiz də var ki, orada barmaqla sayılacaq qədər olsa da, kolleksiya toplayanlar var.


Lənkəranın mədəniyyət işçisi Əli Əkbərov şəxsi arxivində Azərbaycanın və bir çox ölkələrin görkəmli musiqiçilərinin lentə aldıqları 1200-ə yaxın valı qoruyub saxlayır.


Lənkəranın Cil kəndində anadan olan Əli Əkbərov 1990-1993-cü illərdə Mədəni Maarif Texnikumunda Mais Salmanov, Bəhruzə Məmmədova, Mikayıl Mirzə kimi ölməz sənətkarlardan dərs alıb. Hazırda Lənkəranın Şağlaser kənd sənətkarlıq evində işləyən kolleksioner şəxsi arxivini 30 ildən çoxdur yaradıb. Musiqiyə hədsiz marağının olması onu uşaqlıq illərindən bu sənətə bağlayıb. O, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül, Zeynəb Xanlarova, Rəşid Behbudov, İslam Rzayev, Arif Babayev, Nəzakət Məmmədova, Lütfiyar İmanov, Xeyrənsə Məmmədova kimi Azərbaycanın görkəmli sənətkarlarının musiqi albomlarını əldə edərək arxivini daha da zənginləşdirib. Kolleksiyasına sonuncu daxil etdiyi musiqi valları isə Əlövsət Sadıxov və Həqiqət Rzayevanın ifasında olan musiqi albomlarıdır. O, kolleksiyasında Azərbaycanın tanınmış muğam ifaçıları ilə yanaşı, ötən əsrdə oxumuş və yaşamış əcnəbi sənətkarların da səsini qoruyub saxlayır.


Əl Əkbərov məşhur kino aktyorlarının vallarını da şəxsi arxivinə daxil etdiyini bildirir: "Kolleksiyamda Hindistanda buraxılan orijinal vallara da rast gəlmək mümkündür. Rac Kapurun kinofilmlərinə yazılmış valları, İranın və Türkiyənin sənət adamlarının musiqi albomlarını əldə etmişəm. SSR-nin xalq artistləri Alla Puqaçova, Sofiya Ratarova və Tacikistanın xalq artistlərinin musiqi albomlarını da şəxsi arxivimdə qoruyub saxlayıram.”


Onun arxivində unudulmaz səslər sırasında cənub bölgəsinin xanəndələri də yer alır: "Azərbaycan musiqisinə dünya şöhrəti gətirmiş sənətkarlar içərisində Lənkəranın da tanınmış ifaçılarının vallarını qoruyub saxlayıram. Bunların arasında Münəvvər Kələntərli, Cahan Talışınskaya, Rəsmiyyə Sadıqova, Gülağa Məmmədov, Həqiqət Rzayeva, Yalçın Rzazadə kimi sənətkarların səsləri də var”.


Musiqi valları ilə yanaşı, bəzi korifey sənətkarların afişa və fotolarını da qoruyub saxlayan 46 yaşlı kolleksionerin ən böyük arzusu Şuşa işğaldan azad edildikdən sonra Bülbülün, Xan Şuşinskinin albomlarını oradakı ev-muzeylərinə təqdim etməkdir. (AZƏRTAC)

Xəbər lenti