Xəzər Xəbər

Şerlok müharibədə: Kamberbetç 1917-ci ilə yollanır

Mədəniyyət | 15:14 • 30 Mart 2019
Şerlok müharibədə:

Britaniyalı kəşfiyyatçı Ceyms Bond haqqında son iki filmin ("007: "Skyfall” koordinatları” və "007: Spektr”) quruluşçu rejissoru Sem Mendes "Şerlok” serialının ulduzu Benedikt Kamberbetçi "1917” adlı hərbi dramda çəkilməyə dəvət edib.


AZƏRTAC xəbər verir ki, "Deadline” veb-saytının yaydığı məlumata görə, filmin süjeti Birinci Dünya müharibəsinin döyüş meydanlarında vuruşan iki britaniyalı əsgərin həyatının bir günü ətrafında qurulub. Döyüşçüləri Corc Makkey və Din-Çarlz Çepmen oynayacaqlar. Digər məşhur britaniyalı aktyor Kolin Fert də bu filmdə rol alacaq.


Filmin prodüseri rejissor Stiven Spilberqin "Amblin Partners” kino şirkəti olacaq, istehsalı və prokatı ilə "DreamWorks” və "Universal” şirkətləri məşğul olacaq. Rejissorun özü də filmə prodüserlik edəcək. O, Kristi Uilson-Körns ilə birlikdə filmin ssenarisini yazıb.


Filmin çəkilişlərinə aprelin 1-də başlamaq nəzərdə tutulub. Çəkilişlər İngiltərədə və Şotlandiyada aparılacaq. Dünya premyerası 2019-cu il dekabrın 25-də gözlənilir.


B.Kamberbetç 2018-ci ilin yayında bildirib ki, ona dünya şöhrəti qazandıran "Şerlok” serialına qayıtmaq istəməzdi. Amma hər şey ola bilər.


"Marvel Studios” ilə əməkdaşlıq son vaxtlar aktyorun iştirak etdiyi maraqlı layihələr arasındadır. "Doktor Strenc” filmində baş rol, habelə "Qisasçılar” filminin üçüncü hissəsində iştirakı məhz bu əməkdaşlığın nəticəsidir.


Aktyor digər media nəhənginin – HBO telekanalının Böyük Britaniyanın Avropa İttifaqının (Aİ) tərkibindən çıxması haqqında filmində də çəkilib. O, ölkənin Aİ-dən çıxması uğrunda mübarizə aparan kampaniyanın liderlərindən birini – Donimik Kamminqsi oynayıb.

Xəbər lenti