Xəzər Xəbər

Astarada üç əsrə şahidlik edən ev

Mədəniyyət | 11:10 • 4 Mart 2019
Astarada üç əsrə şahidlik edən ev
Astara rayonunun Pensər kəndində üç əsrə şahidlik edən evdən bu gün də yaşayış sahəsi kimi istifadə edilir. 1836-cı ildə Talış xanı Mir Mustafa xanın baş vəziri olmuş Mirzə Xudaverdibəy tərəfindən çiy kərpicdən inşa edilmiş bu ev yerli əhəmiyyətli memarlıq abidəsi kimi 4098 inventar nömrəsi ilə qeydə alınıb və qorunur.


Mirzə Xudaverdibəyin oğlu, dövrünün tanınmış ziyalısı, dövlət xadimi və şair Mirzə Əhmədin 1882-1883-cü illərdə fars dilində yazdığı, Talış xanlığının tarixindən bəhs edən "Əxbərnamə” əsərində atası ilə bağlı xatirələr, o cümlədən onun tikdiyi ev barədə də məlumat verilir.

"Əxbərnamə” əsəri 1955-ci ildə ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Musa Əsgərli tərəfindən fars dilindən Azərbaycan dilinə tərcümə edilsə də nəşr olunmayıb. 1975-ci ildə Tarix İnstitutunun elmi işçisi Əli Hüseynzadə tərəfindən "Əxbərnamə” yenidən tərcümə edilərək cəmi 120 nüsxədə çap edilib.

Kitabın müəllifi Mirzə Əhmədin evdə yaşadığı dövrdə "Fövsül füsaha” ədəbi məclisi də fəaliyyət göstərib.

Hazırda bu qədim evdə Mirzə Xudaverdibəyin nəticəsi Məmməd Əhmədovun ailəsi yaşayır. Ailənin başçısı 2002-ci ildə vəfat edib. Onun həyat yoldaşı Nəzakət Mahmudova evə gəldiyi günü xatırlayaraq deyib: "1959-cu il sentyabrın 25-də bu evə gəlin gəlmişəm. Bu evdə səkkiz övlad böyütmüşəm - 6 qız və 2 oğlan. Övladlarımdan dördü ali təhsillidir. Bu evdə həmişə ziyalılar yaşayıb. Bu ənənə bu gün də davam edir”.

Nəzakət nənə deyir ki, evə gəlin köçəndə əvvəlki tikili olduğu kimi idi. Pensər çayının daşması nəticəsində evə ciddi ziyan dəyib, evin bir hissəsi yararsız vəziyyətə düşüb.

Qədim evdə hazırda Nəzakət nənə ilə birlikdə iki qızı, oğlu, gəlini və iki azyaşlı nəvəsi yaşayır. Ev qəzalı vəziyyətində olduğundan ailə üzvləri hər səhəri səksəkə ilə açmalı olurlar.

Nəzakət nənə gileyi ilə bərabər, arzularını da bizimlə bölüşdü: "Mirzə Xudaverdi və onun oğlu Mirzə Əhməd yaşadığı dövrün tanınmış ziyalısı, dövlət xadimləri olublar. Bu ev onların nişanəsidir. Yaxşı olar ki, tarixi abidə kimi qorunan bu ev əsaslı təmir edilsin, buraya xatirə lövhəsi vurulsun, Mirzə Xudaverdinin və Mirzə Əhmədin adı əbədiləşdirilsin, yaşadıqları Pensər kəndinin küçələrinə onların adları verilsin”. (AzərTAc)

Xəbər lenti