Bu gün dahi bəstəkar,
musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir
Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir
Hacıbəylinin doğum günüdür. XəzərXəbər xəbər verir ki, Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Ağcabədi
rayonunda doğulub. O, bəstəkar, alim, yazıçı, publisist, ictimai və
siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın
banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera
sənətinin tarixi 108 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun”
operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev,
rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda Hüseynqulu Sarabski,
Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk
tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin
eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun” yalnız
Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera
tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan
Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan” (1909), "Rüstəm və Söhrab”
(1910), "Şah Abbas və Xurşidbanu”, "Əsli və Kərəm” (1912), "Harun və
Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir
Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu” operasıdır. "Koroğlu” təkcə
Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə
dayanan parlaq nümunələrdən biridir. "Koroğlu” operası Moskva
tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər
keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə
göstərilib.
Üzeyir Hacıbəylinin "Füruzə” adlı yarımçıq qalmış bir
operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın
musiqi parçaları arasında "Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir.
Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər
müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta
janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi
bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad”dır.
Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk
tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Dahi
bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan”dır.
Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın
səhnəsində oynanılıb. "Arşın mal alan” beş dəfə ekranlaşdırılıb,
dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk
bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir
Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu
Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət
300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı
və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin,
həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran
ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir
Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri
əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı.
1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları” adlı
elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl
fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə
edilir.
Üzeyir Hacıbəyli 1948-ci ilin 23 noyabrında Bakıda vəfat edib.
1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.