Xəzər Xəbər

Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Mədəniyyət | 15:16 • 14 Sentyabr 2018
Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Hazırda Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilməsi istiqamətində iş aparılır.


Bu fikri UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub.


"UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında hansısa maddi-mədəniyyət nümunəsi, irsi ilə bağlı qərar çıxarılırsa, bu həm də həmin ölkənin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir”,- deyə nazir vurğulayıb.


Nazir deyib ki, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu isə 2007-ci ildə UNESCO-nun İrsi Siyahısına salınıb.


Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən 43-cü sessiya 2019-cu il iyunun 30–dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək.

Xəbər lenti