Xəzər Xəbər

Kitabxanalarda vahid geyim formasının tətbiqi tövsiyə edilir

Mədəniyyət | 12:20 • 26 May 2016
Kitabxanalarda vahid geyim formasının tətbiqi tövsiyə edilir

Mədəniyyət və Turizm Nazirliyi bütün kitabxanalara işçiləri üçün vahid geyim formasının tətbiqini tövsiyə edib.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bildirib.

Onun sözlərinə görə, kitabxanalarda vahid geyim formasının tətbiqi tövsiyə xarakterlidir.

L.Məmmədova deyib ki, artıq Sabirabad rayon kitabxanasında və Köçərli adına Uşaq Kitabxanasında vahid geyim forması tətbiq edilib: "Bunun həyata keçirilməsi kitabxanaların maliyyə imkanlarından asılıdır. Maliyyə imkanları olduqca bu iş tədricən həyata keçiriləcək".

L.Məmmədova deyib ki, vahid geyim formasının tətbiqi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin sentyabr ayında verdiyi "Kənd kitabxana filiallarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında" əmrə əsasən hazırlanan Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına kitabxana sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafı, məzmunca yeniləşməsi, yeni üsul və formalardan istifadə etməklə xidmətlərin təşkili üçün kitabxanaların fondlarına daxil olan yeni ədəbiyyatın təbliği, kitabxanalarda yeni xidmət növlərinin tətbiqi, kitabxanalarda vahid geyim formasının tətbiqi kimi məsələlər daxil edilib. (Trend)

Xəbər lenti