Xəzər Xəbər

Türkiyəli alim Azərbaycanda aşkarlanan insan skeletlərinin DNT-sini araşdıracaq - FOTO

Mədəniyyət | 11:40 • 2 İyul 2018
Türkiyəli alim Azərbaycanda aşkarlanan insan skeletlərinin DNT-sini araşdıracaq -

Türkiyənin Hacəttəpə Universitetinin antropologiya fakültəsinin professoru, doktor Yılmaz Səlim Ərdal Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) Elmi Fondunda tədqiqatlara başlayıb.


AEİ-dən xezerxeber.az-a bildirilib ki, tədqiqatlar Türkiyənin Orta Doğu Texniki Universitetinin doktoru Mehmet Somelin "Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihə Avropa İttifaqının "Horizon-2020”, "Consolidator Grant” Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənir. Layihə çərçivəsində Azərbaycanda aşkarlanan neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaq. Bu elmi layihəyə əsasən AEİ-nin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Tovuzda aşkarladığı abidələrin materialları cəlb olunub.


Yılmaz Səlim Ərdalın sözlərinə görə, Azərbaycanda aşkarlanmış insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birinə qohumluq əlaqəsi araşdırılacaq.


Türkiyəli alim elmi səfəri çərçivəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AEİ-nin direktoru, professor Maisə Rəhimova ilə görüşüb.


Görüşdə Azərbaycan və Türkiyə arxeoloqları arasında əməkdaşlığın perspektivləri, antropologiya və bioarxeologiya sahəsində gənc milli mütəxəssislərin yetişdirilməsi ilə bağlı müzakirələr aparılıb.


Türkiyəli alim, həmçinin F.Quliyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın aşkarladığı Göytəpə neolit abidəsi ilə tanış olub. Yılmaz Səlim Ərdal ilə F.Quliyev arasında keçirilən görüşdə Azərbaycan ərazisində aşkarlanmış paleoantropoloji materialların DNT və izotop analizi üçün daha geniş istiqamətli tədqiqat layihələrinin reallaşdırılıması barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti