Xəzər Xəbər

Azərbaycanın Xalq Artisti ad gününü qeyd edir

Mədəniyyət | 16:28 • 6 İyun 2016
Azərbaycanın Xalq Artisti ad gününü qeyd edir

Bu gün görkəmli opera müğənnisi, Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli, 1996-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1994-ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professoru Xuraman Qasımovanın doğum günüdür. O, bir sıra beynəlxalq müsabiqələrin laureatıdır, “Qran-pri” qızıl mükafatına layiq görülüb. Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və digər xarici ölkələrdə Azərbaycan vokal sənətinin uğurla təmsil edib.

Azərbaycan opera sənətinin incisi, 65 illik yubileyini qeyd edən Xuraman xanım istər Azərbaycan, istərsə də dünya musiqiçilərinin siyahısına adını qızıl hərflərlə yazdırıb. Azərbaycanda operasevərlər uzun illər bu sənətçinin uğurlarının addım-addım izləyiblər və bu gün də izləməkdədirlər. Onun Vətən qarşısında xidmətləri böyükdür, ölkəmizi hər zaman uğurla təmsil edən Xuraman Qasımova dünya səviyyəli müsabiqələrdən daim mükafatlarla geri dönüb.

1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olan Xuraman Qasımova “Sevil və dilbər”, “Nigar”, “Dezdemona”, ”Aida” və digər partiyaları ifa edib. Xalq Artisti "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" kimi kinofilmlərə də çəkilib. Kinoşünaslar onun aktyorluq qabilliyyətini yüksək qiymətləndiriblər.

Xuraman Qasımova 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir və opera sənətinin sirlərini Azərbaycanın gənclərinə öyrədir.

Görkəmli vokal ifaçımız müsahibələrinin birində deyib: “Əgər seçdiyin sənətdə öndə olmaq istəyirsənsə, bütün iradəni toplamalısan. Həyat bizi sınayır. Həyat bizi sınadı da. O çətinliklərdən biz bacarıqla çıxmağa nail olduq. Azərbaycanın Xalq Artisti, böyük bacım Fidan xanım Qasımova üçün bu yol ikiqat çətin idi. Çünki ilk yolu o keçirdi. Mən onun ardınca gedirdim. Ona görə də mənim üçün daha asan idi. Amma mən onun başını hər zaman uca etdim. Həm məktəbdə, həm konservatoriyada, həm səhnədə...”

Heç vaxt şöhrət dalınca qaçmayan X.Qasımova Vətəndən uzaqlarda keçirilən nüfuzlu musiqi yarışmalarında, müsabiqələrdə ölkəmizi layiqincə təmsil edərkən, yalnız öndə olmağı, qələbə qazanmağı düşünüb. Opera sənətinin mürəkkəb bir sənət olduğunu elə səhnəyə çıxdığı ilk gündən yaxşı anlayan Xuraman xanım bildirir ki, operada obraz yaratmaq kinoda obraz yaratmaqdan bir az fərqlənir. Bu daha çətindir. Həm təbii olmalısan, həm tamaşaçıları inandırmalısan, həm diqqətlə özünə qulaq asmalısan, yəni hər şeyə fikir verməlisən.

Ölkəmizdə nümayiş olunan operaların əksəriyyətinin Azərbaycan və yaxud rus dilində ifa olunduğu bir vaxtda Qasımova bacıları səhnəmizə daha bir yenilik gətirdi. Belə ki, tez-tez xarici ölkələrdə keçirilən möhtəşəm konsert proqramlarına dəvət alan bacılar oxuduqları əsərləri yazıldığı dilində ifa etməyə qərar verdilər. Məhz bu səbəbdən də bu gün Xuraman xanım tələlərinə də xarici dilləri mükəmməl öyrənməyi tövsiyə edir.

Çoxsaylı oxucularımız adından Xuraman xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona səhnədə və həyatda yeni-yeni uğurlar arzulayırıq!

Xəbər lenti