Xəzər Xəbər

Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb

Mədəniyyət | 16:11 • 25 Dekabr 2017
Buta naxışının ən qədim nümunəsi Naxçıvanda tapılıb

Şərq ölkələrində geniş yayılmış butanın tarixinə dair müxtəlif fikirlər söylənilib. İndiyədək onun tarixinin orta əsrlərə aid olduğu deyilirdisə, yeni tədqiqatlar bu fikirlərin doğru olmadığını göstərir. Naxçıvanda aparılan tədqiqatlar nəticəsində, muxtar respublikada buta naxışının ən qədim nümunəsi tapılıb.


Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyeva deyib.


O qeyd edib ki, son illər Naxçıvanda aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan gil qablar üzərindəki buta təsvirləri bu naxışın tarixini xeyli qədimləşdirib. Tədqiqatçılar tərəfindən tarixi Son Eneolit dövrü kimi dəyərləndirilən buta naxışlı gil qablardan bir neçəsinə Ovçular təpəsində, bir ədədinə isə Xalac yaşayış yerində rast gəlinib. Buta naxışı həmin qabların gövdə hissəsində, simmetriyaya uyğun üç ədəd olmaqla, boya ilə çəkilib.


"Demək olar ki, bütün dünyada buta naxışının ən qədim nümunəsi Naxçıvan diyarındakı qeyd etdiyimiz gil qabların üzərindədir. Tədqiqatların nəticələrindən də göründüyü kimi, tarixi minilliklər bundan öncəyə gedib çıxan buta hələ qədim dövrlərdə ulu əcdadlarımız tərəfindən yaradılıb”, - deyə Fizzə Quliyeva bildirib.

Xəbər lenti