Xəzər Xəbər

Qəbələdə 3 min il yaşı olan kurqan aşkar edilib

Mədəniyyət | 14:21 • 28 İyun 2016
Qəbələdə 3 min il yaşı olan kurqan aşkar edilib

Qəbələ rayonu Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3000 il yaşı olan kurqan aşkar edilib.

AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İlyas Babayevin rəhbərliyi ilə aparılan arxeoloji araşdırmalar zamanı kurqanın eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilələrin, tayfaların başçısının dəfn edildiyi yer olduğu məlum olub. Kurqanın diametri 35 metrdir.

İlyas Babayev qeyd edib ki, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki xırda kurqan aşkar edilmişdi: “Bu kurqanlar açılanda oradan böyük dəfinə üzə çıxdı. Alimlər həmin dəfinələri araşdıraraq, Azərbaycan ərazisində pul sikkələrinin çap edildiyini və yerli xalqların 3000 il əvvəl beynəlxalq ticarətlə məşğul olduqlarını təsdiqlədilər”.

Yeni tapılan tayfa başçısının kurqanı isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya tərəfindən öyrəniləcək. İlyas Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini və Azərbaycan tarixi ilə bağlı yeni faktların üzə çıxacağını bildirib. (AZƏRTAC)

Xəbər lenti