Xəzər Xəbər

“Sarı gəlin” Qazaxıstan televiziyasının “İpək yolunun ulduzları” layihəsində

Mədəniyyət | 17:38 • 2 Oktyabr 2017
“Sarı gəlin” Qazaxıstan televiziyasının “İpək yolunun ulduzları” layihəsində

Qazaxıstan televiziyasında "Silk Way Star” ("İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışmasına start verilib. Layihənin ilk buraxılışında Böyük İpək yoluna daxil olan bir neçə ölkənin təmsilçisi çıxış edib.


AZƏRTAC Qazaxıstan telekanalına istinadla xəbər verir ki, layihənin məqsədi Böyük İpək yolunun birləşdirdiyi xalqların musiqisi vasitəsilə türkdilli ölkələrin mədəniyyət və ənənələrinin inkişafına kömək etməkdir. Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, Tatarıstan və Başqırdıstandan olan müğənnilər üç ay ərzində yarışmada iştirak edəcəklər. İştirakçılar 12 müxtəlif konsert proqramı təqdim edəcəklər. Finalda ən istedadlı ifaçı və onun təmsil etdiyi ölkə qalib olacaq.


Azərbaycanı yarışmada Samirə Əfəndiyeva təmsil edir. O, layihənin açılış mərasimində "Sarı gəlin” xalq mahnısını ifa edib.


Qeyd edək ki, "Baku Music Factory” (BMF) prodüser mərkəzinin rəhbəri İsa Məlikov və "Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov beynəlxalq yarışmanın münsiflər heyətində yer alıblar.

Xəbər lenti