Xəzər Xəbər

Riyaziyyat müəllimindən maraqlı əsərlər - FOTO

Mədəniyyət | 13:46 • 2 Oktyabr 2017
Riyaziyyat müəllimindən maraqlı əsərlər -

Qusarlı riyaziyyat müəllimi 30 ilə yaxındır taxta üzərində yandırma üsulu ilə bir-birindən maraqlı əsərlər yaradır.


AZƏRTAC xəbər verir ki, rayonunun Avaran kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Nurulla Davidov, həm də direktor vəzifəsində çalışır. 64 yaşlı müəllim işinin çox olmasına baxmayaraq, rəsm çəkmək üçün də vaxt tapır.


N.Davidov rəsmləri çəkərkən elektriklə işləyən qurğudan istifadə edir. Əl işlərində əsasən təbiət mənzərələrini, adət-ənənələri, kənd təsərrüfatı sahəsini əks etdirir. Bir əl işinin hazırlanması isə 10-15 gün vaxt alır.


Proses isə belədir: əvvəlcə düyünsüz taxta seçilərək hamarlanır. Sonra çəkiləcək şəklin eskizi cızılır. Bundan sonra yandırma üsulu ilə şəkil taxta üzərinə həkk olunur. Rəsmin korlanmaması üçün taxtanın üzərinə iki qat lak vurulur.


Bu vaxta kimi yüzdən çox şəkil çəkən N.Davidovun əsərləri bir çox sərgilərdə nümayiş etdirilib. Şəkilləri maraqla qarşılayan sərgi iştirakçıları adətən müəllifin riyaziyyat müəllimi olduğunu biləndə təəccüblənirlər.


Milli ornametlərlə işlənən sənətkarlıq nümunələrinin satışı da həyata keçirilir. Taxta üzərində çəkilən şəkillər alıcılara ölçüsündən asılı olaraq 20-80 manat arasında təklif olunur. N.Davidov əsərlərinin turistlərə satışını təşkil etmək üçün xüsusi mağaza açmaq istəyir.


O, hazırda çalışdığı Avaran kənd tam orta məktəbində yaradılan xüsusi dərnəkdə bu sənətin incəliklərini şagirdlərə də öyrədir.

Xəbər lenti