Xəzər Xəbər

Misirdə 10 qədim sərdaba aşkar edildi

Mədəniyyət | 15:00 • 3 İyun 2017
Misirdə 10 qədim sərdaba aşkar edildi

Arxeoloqlar Misirin Asuan şəhəri yaxınlığında on qədim daş sərdaba aşkar ediblər. Misirdə çıxan "Əl-Əhram” qəzetinin ölkənin Qədim Abidələr Nazirliyinə istinadla yazdığına görə, əvvəllər belə dəfn kameraları elmə məlum olmayıb.

Qədim Abidələr Nazirliyinin mütəxəssisi Mahmud Afifinin sözlərinə görə, tapıntı Qədim Misir sivilizasiyasının son dövrünə - eramızdan əvvəl 664-332-ci illərə aiddir. Onun fikrincə, bu sərdabalar Nil çayının qərb sahilində yerləşən Asuan nekropolu kompleksinin davamı ola bilər.

Tapıntı Qədim Misirin tipik məzarlıqlarından quruluşu ilə fərqlənir: burada bir-biri üzərində təqribən 40 sərdaba yerləşir. Onların hər birinin sütunlu salonu, habelə dəfn kamerasına aparan dəhlizi var.

Alimlər artefaktların bəzilərini artıq çıxarıblar. Məsələn, daş sarkofaqlar, mumiyalar, habelə belə məzarlar üçün tipik olan çoxsaylı əşyalar tapılıb. Sərdabaların kompleks tədqiqinə bu ilin sentyabrında start götürən yeni arxeoloji mövsümdə başlanacaq.

Bir neçə ay əvvəl arxeoloqlar Qahirədə II Ramzesin nəhəng heykəlini aşkar ediblər. Qumdaşından tökülmüş səkkiz metrlik abidənin təqribən üç min il yaşı olduğu bildirilir. (AZƏRTAC)

Xəbər lenti