Xəzər Xəbər

Los Ancelesdə "O olmasın, bu olsun" filmi nümayiş etdirilib - FOTOLAR

Mədəniyyət | 10:35 • 10 Aprel 2017
Los Ancelesdə "O olmasın, bu olsun" filmi nümayiş etdirilib -

Aprelin 7-də Azərbaycan mədəniyyətinin ölməz incilərindən olan "O olmasın, bu olsun” musiqli kinokomediyası Los Ancelesdə nümayiş etdirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda keçirilən nümayişdə amerikalı elm və mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Bu barədə Konsulluqdan məlumat verilib.

Tədbirin əvvəlində çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş "O olmasın, bu olsun” musiqli kinokomediyasının təkcə Azərbaycan xalqı tərəfindən deyil, dünya kinosevərləri tərəfindən də uzun illərdir məhəbbətlə izlənildiyini və öz təravətini qoruduğunu, eləcə də beynəlxalq kino incəsənətinin unudulmaz əsərlərindən birinə çevrildiyini bildirib. Baş konsul qeyd edib ki, bu kinofilmdə dövrün hadisələri komediya janrında təqdim olunsa da, o dövr üçün xarakterik olan bir sıra ciddi sosial-mədəni məsələlər, xüsusilə qadın haqları məsələsi böyük ustalıqla işıqlandırılıb. O zamanlardan bəri Azərbaycanda qadın haqlarının müdafiəsində böyük inkişafın baş verdiyini bildirən N.Ağayev, son 100 ildə Azərbaycanın qadın haqları sahəsində bir çox müsəlman, eləcə də qeyri-müsəlman ölkələr üçün nümunəvi nailiyyətlərə imza atdığını, bu gün qadınların ölkənin ictimai-siyasi həyatında olduqca fəal mövqeləri ilə seçildiyini diqqətə çatdırıb.

Sonra Los Ancelesin tanınmış kardioloqlarından olan İzhar Xaruzi və Kaliforniyadakı Azərbaycan icmasının fəallarından Kimiya Məmmədova çıxış ediblər. İ.Xaruzi bu gün də dünyanın müxtəlif ölkələrində qadın haqlarının inkişafı sahəsində ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayaraq, "O olmasın, bu olsun” kimi əsərlərin öz aktuallığını qoruduğunu, belə bir gözəl filmi ərsəyə gətirərək, istedadlı Azərbaycan kinematoqraflarının dəyərli kino əsəri yaratdığını bildirib.

K.Məmmədova isə sözügedən filmin Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazıldığını bildirərək, belə əsərlərin geniş təbliğinin xüsusilə Azərbayacandan kənarda yaşayan gənc soydaşlarımızın milli-mənəvi dəyərlərimizə bağlılığına böyük töhfə verdiyini qeyd edib.

Daha sonra film nümayiş etdirilib. Korifey sənətkarlarımızın böyük ustalıqla yaratdıqları obrazlar amerikalı kinosevərlərin böyük marağına səbəb olub. Film gurultulu alqışlarla qarşılanıb.

Xəbər lenti