Xəzər Xəbər

Polad qələm sahibləri – həkkaklar

Mədəniyyət | 08:46 • 28 Fevral 2017
Polad qələm sahibləri –

Müasir dövrümüzdə həkkaklığın tarixi haqqında müəyyən məlumatlar olsa da, bu sənət növü tam şəkildə tədqiqata cəlb edilməyib. Qədim Naxçıvanda aparılan araşdırmalarda isə vaxtilə bu diyarda həmin sənət növünün inkişaf etdiyi aydın olur.

Həkkaklıq sənəti barədə araşdırmalar aparan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin əməkdaşı Nərgiz İsmayılova AZƏRTAC-a müsahibəsində deyib ki, "həkkak” oymaçı deməkdir. Polad qələmlə bərk materiallar üzərində yazılar, nəqşlər oyan sənətkarlara həkkak deyilib. Həkkaklıq qədim dövrlərdən başlayaraq Naxçıvanda əhəmiyyətli sənət növlərindən biri olub.

Nərgiz İsmayılovanın sözlərinə görə, X-XII əsrlərdə Naxçıvanın təsərrüfat həyatında sənətkarlıq üstün yerlərdən birini tuturdu. Sənətkarlığın inkişafı bu diyarın iqtisadiyyatında böyük əhəmiyyət kəsb edirdi. Burada müxtəlif sənət növləri ilə məşğul olan ustalar çalışırdı. Şəhərdə bacarıqlı memarlar, dülgərlər, bənnalar, dulusçular, dəmirçilər, toxucular, dabbaqlar, bəzzazlar, başmaqçılar, həkkaklar, xalçaçılar, zərgərlər, boyaqçılar və başqa sənət adamları yaşayırdı. Ümumiyyətlə, inkişaf etmiş feodalizm dövründə Azərbaycanda bir neçə yüz sənət və peşə sahəsi olub. Həkkaklar ərəb əlifbasının imkanlarından da bəhrələnərək mis qablara kəlamlar həkk edib onları epiqrafik ornamentlərlə bəzəyiblər.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı vurğulayıb ki, həkkaklıq Naxçıvanın tarixində mühüm yer tutub. Naxçıvanın qədim sənət növləri haqqında daha çox araşdırmaların aparılması yeni faktlar ortaya çıxarır. Onların öyrənilməsi və gələcək nəsillərə ötürülməsi tariximizin qorunması baxımından çox əhəmiyyətlidir.

Xəbər lenti