Xəzər Xəbər

Ağsudakı Şeyx Dursun türbəsinin sirləri - FOTO

Mədəniyyət | 13:33 • 25 Yanvar 2017
Ağsudakı Şeyx Dursun türbəsinin sirləri  - FOTO

Şeyx Dursun türbəsi Ağsu rayonunun ərazisindəki tarixi memarlıq abidələrindən biridir. Şəhərin şimal-şərqində bir kilometr məsafədə, qədim Şeyx Dursun qəbiristanlığında yerləşir. Əsrlərin sınağından keçərək bu günümüzədək görkəmini saxlayan türbə əl ilə kəsilib yonulan daşlardan səkkizguşəli piramida şəklində tikilib. Üst örtüyü daşlarla hörülərək konusvarı tağla bağlanıb. Cənub-şərqə açılan qapısının yuxarısında ərəb əlifbası ilə kitabə həkk olunub. Sils xətli iki sətirlik yazını tarix elmləri doktoru, professor Məşədixanım Nemət belə oxuyub: “Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə (VIII-IX 1399) baş vermişdir”. Yazının bir hissəsi pozulduğu üçün oxunmur. Bu isə türbənin tarixi barədə müxtəlif fikirlərin, rəvayətlərin yaranmasına səbəb olub.

Azərbaycan Sovet Ensiklopediyasında, Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin materiallarında türbənin tarixi 1457-ci il kimi göstərilib. Türbənin şimal hissəsinə vurulan lövhədə də həmin tarix XV əsr kimi qeyd olunub. Tarixçi Fariz Xəlilli isə tədqiqatlarında türbənin tikildiyi tarixin 1399-cu il olduğunu yazır.

Bəs, türbəsi ucaldılan Şeyx Dursun kimdir? Türbədə apardığımız çəkiliş zamanı kitabə üzərindəki yazını oxuyan islamşünas Rəhimli Elşən də burada “Şeyx Dursun ibn Əhməd Padar” sözlərinin yazıldığını təsdiqləyib.

Elmi araşdırmalarda Şeyx Dursunun kimliyi barədə müxtəlif mülahizələr mövcuddur. Bu baxımdan akademik B.Dorunun, M.Nemətin, M.Vəliyevin fikirləri maraqlıdır. Qeyd edək ki, B.Dorun Fondunda tapılan sənədlərdən birində yazılıb: “Şeyx Dursun əsl Şirvan əhlindəndir. Xançoban mahalından, padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub, qoşun hissəsindən Kələxana qəryəsinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx Dursunun övladlarıdır”.

F.Xəlillinin fikrincə Şeyx Dursunun və onun nəslindən olan şeyxlərin məqbərələrinin ziyarətgaha çevrilməsi, onların şeyx titulu daşıması, arayışda hərbçi adlandırılmaları sufiliklə bağlı cərəyanın və yaxud xalq hərəkatının başçıları olduqlarına dəlalət edir.

Qeyd edək ki, Şirvan xanlığının aparıcı tayfalarından olan padarlar yarımköçəri həyat tərzi keçirərək əsasən maldarlıqla məşğul olublar. Padar, Padarqışlaq, itib-batan Axtaçı, Yekəqurşaqlı obalarında məskunlaşan bu tayfalar XX əsrin əvvəllərindən Ağsuda, bütövlükdə isə Şirvan ərazisində oturaq həyata keçiblər.

Beləliklə, Şeyx Dursun türbəsinin kitabəsi və aparılan tədqiqatlar Padar tayfalarının Şirvanda məskunlaşması haqqında mövcud mülahizələrə də yenilik gətirib. Kitabədən göründüyü kimi, padarlar səfəvilərdən əvvəl də Şirvanda yaşayıblar.

Bir sözlə, Azərbaycandakı çoxsaylı tarixi memarlıq abidələrindən olan Şeyx Dursun türbəsinin yeni elmi araşdırmalara, tədqiqatlara böyük ehtiyacı var. Əminliklə demək olar ki, türbənin tədqiq olunması bu ərazinin tarixin dərinliklərində gizlənən bir çox sirlərini də üzə çıxaracaq. (AZƏRTAC)

Xəbər lenti