Xəzər Xəbər

Yazın gəlişinin ilk müjdəçisi - Xıdır Nəbi bayramı

Mədəniyyət | 14:42 • 9 Fevral 2017
Yazın gəlişinin ilk müjdəçisi - Xıdır Nəbi bayramı

Naxçıvanda ən çox sevilən bayramlardan biri də Xıdır Nəbi bayramıdır. Rəvayətə görə, Xızır peyğəmbər həmin gün yurdumuza gəlir, özü ilə istilik, yaz nəfəsi, elə şəfa gətirir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə AZƏRTAC-a bildirib ki, Naxçıvanın bir sıra kəndlərində və Naxçıvan şəhərində fevral ayında, yəni qışın oğlan çağında kiçik çillə tüğyan edən vaxt xalq arasında Xıdır Nəbi mərasimi keçirilir. Etnoqrafik materiallara söykənərək demək olar ki, bayram kiçik çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərdə məqsəd istiliyi çağırmaq, qışı yola salmaqdır.

Naxçıvanda Xıdır Nəbinin əsas simvolu qovurğa və qovut hesab edilir. Qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud da qovrulur. Qovrulmuş toxumlar qovurğa ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüz və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar.

Xıdır Nəbi günü oğlan evindən nişanlı qızlara, ata evindən təzə gəlinlərə pay aparmaq adəti də var.

Qadir Qədirzadə bildirib ki, Xıdır axşamı şər qarışandan sonra oğlanlar əllərinə dəyənək və torba götürüb qapı-qapı gəzər, Xıdır Nəbiyə xalqın illərlə qəlbində yaşatdığı ən səmimi istəklərini bildirər, Xıdır adına pay yığarlar. Bu zaman belə oxuyarlar:

Xıdıra Xıdır deyəllər,

Xıdırın payın verəllər.

Mən Xıdırın nəyiyəm?

Ayağının nalıyam,

Xanım, ayağa dursana,

Yükün dalın açsana.

Torbanı doldursana,

Qonağı yola salsana.

Yalnız bu parçanı dedikdən sonra qapılar açılar və bayram payı verilər. Qovurğadan həyətdəki toyuq-cücəyə də atarlar ki, qışdan çıxmış toyuqlar tezliklə yumurta versinlər.

Qadir Qədirzadənin sözlərinə görə, bütün bunlar Xıdır Nəbi, Xıdır İlyasla bağlı xalq arasında olan adət və inamlardır. Elmi ədəbiyyatlarda, yazılı mənbələrdə Xıdır Nəbi ilə bağlı müxtəlif fikirlər mövcuddur. Lakin bayramın Xızır peyğəmbərin şərəfinə, ondan kömək umulduğu üçün keçirildiyi açıq-aydın görünməkdədir:

Xıdır Nəbi, Xıdır İlyas,

Bitdi çiçək, oldu yaz!

Sonda onu bildirək ki, hər bir xalqın adət-ənənələri onun milli dəyərləridir. Min illərin dərin qatlarından süzülüb gələn adət-ənənələrimizi, onlarla bağlı xalq mərasimlərini qorumaq, olduğu kimi gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur.

Qoy, yaşanan hər günümüz bayram əhval-ruhiyyəli, bayram sevincli olsun!

Xəbər lenti