Xəzər Xəbər

“Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilir

Mədəniyyət | 18:02 • 24 Sentyabr 2016
“Daşın nəğməsi” I Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilir

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı çərçivəsində sentyabrın 24-də Bakıda “Daşın nəğməsi” (Music in Stone) I Beynəlxalq heykəltəraşlıq simpoziumu başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, İspaniya, Macarıstan, Almaniya, ABŞ, Bolqarıstan, Meksika, Hindistan, Gürcüstan və Makedoniyadan 14 heykəltəraş iştirak edir.

Simpoziumun davam etdiyi müddətdə iştirakçılar yerli təbii daşlardan (Şəmkir qumdaşı, Abşeron əhəngdaşı) müxtəlif əsərlər yaradacaqlar. Heykəltəraşlar Bakının Qala qəsəbəsində açıq səma altında çalışırlar.

Macarıstandan olan tanınmış heykəltəraş Bita Rostas Azərbaycan təbii daşlarının incəsənət nümunələri yaradılması üçün çox münasib olduğunu bildirib: “Bizə təqdim olunan daş növləri ilə işləmək çox rahatdır. Əminəm ki, biz öz düşüncələrimizi, yaradıcı fikirlərimizi bu materiallarda tam ifadə edə biləcəyik”.

Heykəltəraşlar üçün mövzu məhdudiyyəti yoxdur, onlara tam özünüifadə imkanı verilib. Sənət adamları məhəbbət, həyat eşqi və digər mövzularda işləyir.

Gürcüstanın Dövlət Mükafatı laureatı Genadi Zakaraia əsərində Şərq ornamentlərindən istifadəyə qərar verib: “Bakının arxitekturası məni heyran etdi. Qədimliklə müasirlik şəhərin memarlığında çox gözəl sintez olunub. Mən Azərbaycana dəvət olunan an yaradacağım əsərdə daha çox Şərq koloritinə üstünlük verəcəyimə qərar verdim”.

Oktyabrın 2-dək davam edəcək simpozium çərçivəsində yaradılan işlər Bakı şəhərinin parklarından birində sərgilənəcək.

Xəbər lenti