Xəzər Xəbər

Çay və qəhvə alarkən nələri bilmək vacibdir?

Maraqlı | 17:50 • 18 Dekabr 2018
Çay və qəhvə alarkən nələri bilmək vacibdir?

Tamlı məhsullara müxtəlif tərkib xüsusiyyətlərinə və təsiretmə qabiliyyətinə malik olan bir çox yeyinti məhsulları aid edilir. Bu mallar əsəb və ürək-damar sisteminin fəaliyyətinə, eləcə də iştahanın artmasına və yeyinti məhsullarının həzminə müsbət təsir göstərir.

Ticarət şəbəkəsində müxtəlif növ tamlı məhsullar, o cümlədən çay və qəhvə, ədviyyələr, spirtli və spirtsiz içkilər realizə olunur. Bunların içində gündəlik qida rasionumuzda özünəməxsus yer tutan tamlı məhsullar isə çay, qəhvə və s. kimi məhsullardır.

Çayın tərkibində 300-dən çox müxtəlif birləşmələr və maddələr var. Tərkibinin belə zəngin olması çayı fizioloji cəhətdən dəyərli edir. Çay insan orqanizminə fizioloji təsirinə görə əvəzsiz içkidir. O, nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır, insanın sinir sisteminə bərpaedici təsir edir, onun fəaliyyətini gücləndirir, yuxunu dağıdır, yaxşı tərlədici vasitə rolunda çıxış edir. Başağrısını dayandırır, qan təzyiqini normaya salır. Gərgin fiziki və zehni əməkdən sonra çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətini bərpa edir.

Çayın əsas keyfiyyət göstəriciləri qüvvədə olan normativ sənədlərə uyğun olmalıdır. Hər bir çay tərkibindəki xam çayın növ və istehsal texnologiyasından asılı olaraq standartın tələbinə cavab verməlidir. Çayda xırda hissəciklərin, yəni ovuntunun miqdarı 1-3 faizdən çox olmamalıdır.

Ticarət şəbəkəsinə çay əsasən 1 kiloqramadək olan kütlədə bükülüb buraxılır. Çayı qablaşdırmaq üçün daxili və etiket karton podperqament folqadan, polivinilxlorid örtüklü kağızlardan istifadə edilir.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, çay havası yaxşı dəyişdirilən quru və təmiz yerdə saxlanmalıdır. Çayı rütubətli yerdə saxlamaq qadağandır.

Çayı fabrikdən buraxıldığı gündən etibarən 0-15 C dərəcədə 70 faiz nisbi rütubətdə 8 aya qədər saxlamaq olar. Ətirləndirilmiş çaylar isə 5 ay saxlanıla bilər. Çəkilib holiqramlı paketləşdirilmiş çayların təminatlı saxlanılma müddəti 2 ildir.

Eyni zamanda, qəhvə də qidalanmamızda özünəməxsus yer tutur. Qəhvənin quru maddələrinə kofein, zülallı maddələr, yağ, minerallı maddələr və s. daxildir. Bir qayda olaraq yüksəkkeyfiyyətli qəhvə sortlarında kofeinin miqdarı nisbətən çoxdur. Normal saxlanılma şəraitində ekstraktlı maddələrin miqdarı 7-10 il müddətində dəyişmir.

Çiy qəhvə dənləri ətirsiz olmaqla ağız büzüşdürücü xassəyə malikdir. Keyfiyyətli qəhvə içkisi almaq üçün qəhvə dənlərini hər cür kənar qarışıqlardan təmizləyib 160-220 C dərəcə temperaturda qovururlar. Qəhvə özünəməxsus dad-tam və ətir kəsb edir.

Təbii qəhvə çiy və qovurulmuş, bütöv dən və ya qovurulub üyüdülmüş halda ticarətə buraxılır. Keyfiyyətindən asılı olaraq əla və 1-ci növlərə ayrılır. Keyfiyyətli qəhvə isti suda çöküntü vermədən həll olur. Həll olan qəhvə xırda dənəvər, qəhvəyi rəngli, özünəməxsus təbii qəhvə ətrinə və dadına malik olan tozvarı məhsuldur.

Qovurulmuş təbii qəhvə dənləri içərisinə podperqament, perqament və ya perqamin döşənmiş qutulara və paketlərə, qovurulub üyüdülmüş təbii əlavəsiz və əlavəli qəhvə isə tənəkə bankalara və ya içərisinə perqamin, perqament və podperqament sərilmiş kağız qutulara qablaşdırılır.

Qəhvə və qəhvə içkiləri təmiz və quru yerlərdə 75 faizdən çox olmayan nisbi rütubətdə saxlanmalıdır. Saxlanılma müddəti qablaşdırmadan asılı olaraq üyüdülməmiş qəhvə üçün 3-6 ay, üyüdülmüş qəhvə üçün isə 3-5 aydır. Qəhvə bankalara və yaxud da alüminium folqadan paketlərə qablaşdırılır. Qəhvə içkilərini isə 50-300 qram kütlədə təbii qəhvədə istifadə olunan taralara qablaşdırırlar. Saxlanılma müddəti 6 aydır.

Xəbər lenti