Xəzər Xəbər

Bir fincan qəhvə insulin şpris-qələmini əvəz edə bilər

Maraqlı | 09:18 • 22 İyun 2018
Bir fincan qəhvə insulin şpris-qələmini əvəz edə bilər

Yaxın gələcəkdə diabet xəstələrinin istifadə etdikləri insulin şpris-qələmini bir fincan qəhvə əvəz edə bilər.


AZƏRTAC "Nature Communications” jurnalına istinadla xəbər verir ki, İsveçrə alimləri hazırladıqları xüsusi preparatı dəri altına yerləşdirməklə qanın tərkibində şəkərin xroniki artımını tənzimləyəcək tədqiqat üzərində işləyirlər. Preparatın hüceyrələri hərəkətə gətirməsi və qanda şəkəri normada saxlaması üçün kofein maddəsinin orqanizmə daxil edilməsi lazım gələcək.


Sürixdə İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqat qrupuna rəhbərlik edən Martin Fussenegger bildirib ki, diabetli siçanlar üzərində aparılan təcrübə müsbət nəticələr verib. Onun sözlərinə görə, hazırlanmış implant dəri altına yeridildikdən sonra həmin vaxtadək insulin şpris-qələmindən istifadə edən xəstələr yeməkdən sonra bir fincan qəhvə ilə qanda qlükozanın mənimsənilməsi və şəkər artımının qarşısının alınmasına nail olacaqlar.


Lakin Fussenegger deyib ki, insanlar üçün implantın hazırlanması prosesi uzun zaman tələb edir. Növbəti illərdə zəruri testlərin aparılması və onların təsirinin müvafiq səhiyyə instansiyaları tərəfindən təsdiq edilməsi istiqamətində işlər görüləcək. "Məqsədimiz diabet xəstələrini insulin iynəsindən qurtarmaqdır. İmplant olunacaq preparat altı ay üçün hesablanıb və istifadə müddəti bitdikdən sonra həkimlər tərəfindən dəyişdiriləcək”.


İsveçrə alimləri preparatın GLP-1 adlanan və insan hüceyrələrini modifikasiya edəcək maddənin yaranmasına təsir mexanizmini izah ediblər. Bu preparat mədəaltı vəzidə beta hüceyrələrini stimullaşdırmaqla insulin ifrazına və son nəticədə qanda şəkərin səviyyəsinin tənzimlənməsinə şərait yaradır.


Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer üzündə 400 milyondan çox insan diabet xəstəliyindən əziyyət çəkir.

Xəbər lenti